XƏBƏRLƏR

Xəzər Universitetinin Dünya Məktəbinin şagirdləri ADU-da qonaq olublar

17 aprel, 2025

Aprelin 15-də Azərbaycan Dillər Universitetinin (ADU) Koreya Araşdırmalar Mərkəzində "Koreya ilə Dostluq Günü" adlı tədbir çərçivəsində Xəzər Universitetinin Dünya Məktəbinin 3C sinif şagirdləri qonaq olublar.

Mərkəzin təşəbbüsü ilə təşkil olunan tədbirdə şagirdlər Koreya mədəniyyətinə olan maraqlarını rəngarəng çıxışlarla ifadə ediblər. Onlar Koreya dilində salamlayaraq özlərini təqdim edib, "Squid Game" serialının "Ringa Ringa" mahnısı və populyar K-pop ritmləri ilə rəqs ediblər.

Koreya Araşdırmalar Mərkəzinin təşkilati dəstəyi ilə keçirilən tədbirin bədii hissəsində ADU-nun Tərcümə fakültəsinin Koreya dili ixtisası üzrə III kurs tələbələri "Sehrli Güzgü" adlı Koreya nağılını Azərbaycan dilində səhnələşdiriblər. Tamaşa balaca qonaqlar tərəfindən maraqla qarşılanıb. Daha sonra tələbələr və şagirdlər birgə "Üç ayı balası" mahnısının sədaları altında rəqs ediblər.

Tədbir müddətində Mərkəz tərəfindən Koreya ilə bağlı məlumatlar təqdim olunub, interaktiv viktorina keçirilib. Aktiv iştirak edən şagirdlər hədiyyə və xatirə sertifikatları ilə təltif olunublar.

Xüsusi qonaq qismində isə ADU-nun əvvəlki illərdə fəaliyyət göstərmiş koreyalı müəllimi An In-Cun tədbirdə iştirak edib. 

ADU-nun Koreya Araşdırmalar Mərkəzi bu tədbirlə bir daha Koreya mədəniyyətinin təbliği və dostluq münasibətlərinin gücləndirilməsi istiqamətində mühüm addım olub.