XƏBƏRLƏR

ADU-da “Azərbaycanın turizm palitrası – təbiətdən tarixə” mövzusunda dəyirmi masa keçirilib

15 aprel, 2025

Aprelin 15-də Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsində “Azərbaycanın turizm palitrası – təbiətdən tarixə” adlı dəyirmi masa təşkil olunub. Tədbirin əsas məqsədi Qafqazşünaslıq ixtisası üzrə təhsil alan III kurs, 368A və 368B qruplarının tələbələrini ölkənin turizm ehtiyatları ilə yaxından tanış etmək olub. Bu məqsədlə tədbir interaktiv dərs-seminar formatında keçirilib.

Tədbirin təşkilatçısı və moderatoru, Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimi Aysel Nəhmətova öz çıxışında Azərbaycanın turizm potensialı, inkişaf etmiş və zəif inkişaf etmiş turizm sahələri, az turist cəlb edən bölgələrdə turizmin inkişafı üçün konseptual yanaşmalar barədə məlumat verib. O, tələbələrlə mövzu ətrafında interaktiv diskussiya və fikir mübadiləsi aparıb.

Dəyirmi masanın xüsusi qonağı “SOY production” şirkətinin yaradıcı heyət üzvü, Pantomim teatrının ilk aktyorlarından biri, tanınmış teleaparıcı və prodüser Səyavuş Hüseynli olub. O, “Real Vətən” layihəsi çərçivəsində Azərbaycanın gəzib gördüyü 35 rayonu haqqında maraqlı məlumatlar, şəxsi təəssüratlar və video materiallar təqdim edib. Səyavuş Hüseynli Heydər zirvəsi (3751 m), Quba rayonunun Xınalıq kəndi və köç yolu mədəni landşaftı, palçıq vulkanları, Azıx mağarası, Qaxın Sarıbaş kəndi, Qurqur şəlaləsi, Göygöl, Maralgöl və digər turistik destinasiyalar barədə xatirələrini tələbələrlə bölüşüb.

Fakültənin dekanı, tarix elmləri doktoru, professor İbrahim Kazımbəyli çıxışında turizmin inkişafının yalnız iqtisadi deyil, eyni zamanda mədəni və mənəvi baxımdan da vacib olduğunu vurğulayıb. O, turizmin vətənin təbii və tarixi gözəlliklərini tanımaq və tanıtmaq üçün bir vasitə olduğunu qeyd edərək, qonaq Səyavuş Hüseynlini “müasir dövrün səyyahı” adlandırıb. Tələbələrə ölkənin mədəni və tarixi turizm dəyərlərinə sahib çıxmağı, Azərbaycanı daha yaxından tanımağı tövsiyə edib.

Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müdiri Xatirə Hacıyeva isə tarixi-mədəni turizmin qorunub saxlanılmasının milli kimliyin və mədəni irsin gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətini qeyd edib. O, bu cür interaktiv dərs-seminarların turizm sahəsində maarifləndirmə baxımından rolunu yüksək qiymətləndirib.