XƏBƏRLƏR

“Özünü Tap: Psixoloji Simvollar və Mənəvi Yön” adlı interaktiv seminar keçirilib

14 aprel, 2025

Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsində Empat Psixologiya Mərkəzinin təşkilatçılığı ilə “Özünü Tap: Psixoloji Simvollar və Mənəvi Yön” adlı interaktiv seminar keçirilib. Seminarda psixoloqlar Vüsalə Səfərəliyeva və Çinarə Həsənli, Təhsil fakültəsinin dekanı professor H.Əlizadə və psixologiya ixtisasının tələbələri iştirak ediblər. Seminarın aparıcısı Empat Psixologiya Mərkəzinin psixoloqu Çinarə Nəcəf Həsənli olub.

Seminarın əsas mövzusu “özünü tapmaq” anlayışı üzərində qurulub. Bu məqsədlə təqdim olunan “İpin barmaqla hərəkəti və birlikdə mənini tapmaq” texnikası ilk dəfə olaraq müəllif tərəfindən tətbiq edilib. Sözügedən texnika psixoloji simvollar vasitəsilə fərdin öz daxili “mən”inə doğru səfərini, həyatdakı yön seçimini və münasibətlərdəki bağlılıqları vizual və hissiyat əsaslı yanaşmalarla izah etməyi hədəfləyib.

Seminarın digər mühüm məqsədlərindən biri də bu dünyada yaşamağımızın təməli, məqsədi kimi özümüzü tanımaq arayışını önə çıxarmaq olub. İştirakçılar həyatımızdan bəhanə və şikayətləri çıxarmağın yolları, cəsarətli insan olmağın yolları və hər birimizin həyatımızın bir mərhələsində özümüzü sorğulamağa ehtiyac duyduğumuz bir yol xəritəsi ilə tanış olublar.

Tədbir çərçivəsində ekzistensial, transpersonal, humanist və koqnitiv psixologiyanın nəzəri və praktik yanaşmalarından istifadə olunaraq iştirakçılara çoxşaxəli psixoloji çərçivələr təqdim edilib. Bu istiqamətlər insanın özünü dərketmə, həyatın mənası, mənlik anlayışı və seçimlər qarşısında verdiyi qərarların mahiyyətini dərinliklə anlamağa xidmət edib.

Seminar zamanı texnikanın simvolik strukturu iştirakçıları həm fərdi, həm də kollektiv düşüncə səviyyəsində fəallaşdırıb. Diskussiya və sual-cavab hissəsində tələbələrin “ağlımızda çoxlu sual yarandı” ifadəsi onların daxilən sarsıldığını, düşünməyə təşviq olunduqlarını və fərdi psixoloji oyanış yaşadıqlarını göstərib.

Seminarın sonunda “özümü qavramaq”, “özümü tənzimləmək” mövzularında suallar təqdim olunub. Bu suallar üzərində düşünərək iştirakçılar gələcəkdə daha dərin aydınlamalar yaşayacaqlar.

Tələbələr bu seminarı psixologiyaya fərqli baxış bucağından yanaşmalarına imkan verən və onları öz daxili reallıqları ilə üzləşməyə təşviq edən nadir platformalardan biri kimi qiymətləndiriblər.