ADU əməkdaşları Naxçıvan Dövlət Universitetində keçirilən elmi konfransda iştirak ediblər

Aprelin 3-4-də Naxçıvan Dövlət Universitetində “Elmi inkişaf: uğurlar və çağırışlar” adlı gənc tədqiqatçıların II Respublika Elmi Konfransı keçirilib. Konfransda Dilçilik bölməsində Azərbaycan Dillər Universitetinin əməkdaşları – Strateji inkişaf və planlama şöbəsinin rəhbəri, İngilis dilinin qrammatikası kafedrasının baş müəllimi Röya Əliyeva “Süni intellekt xarici dilin öyrənilmə vasitəsi kimi”, və İngilis dilinin leksikologiyası kafedrasının baş müəllimi fil.f.d. Azadə Mikayılova “Xarici dilin mənimsənilməsində mütaliənin rolu” adlı elmi məqalələrlə iştirak ediblər.
Konfrans çərçivəsində ADU əməkdaşları Naxçıvan Dövlət Universitetinin müxtəlif struktur bölmələrinin rəhbərləri ilə görüşlər də keçiriblər. Görüşlərdə Strateji inkişaf üzrə rektorun müşaviri Rəcəb Cəfərli, Magistratura və doktorantura mərkəzinin rəhbəri Çapay Quliyev, Elmi Kitabxananın direktoru Xumar Məmmədova, Xarici dillər fakültəsinin dekanı Yasin Babazadə, “İngilis dili və tərcümə” kafedrasının müdiri İlhamə Məmmədova və digər məsul şəxslərlə qarşılıqlı fikir mübadiləsi aparılıb.
Səmərəli keçən bu görüşlər zamanı ali təhsildə keyfiyyətin artırılması, elmi fəaliyyətin təşkili, xarici dil tədrisində müasir metodların tətbiqi və gələcək əməkdaşlıq imkanları, təcrübə mübadiləsi, elmi əməkdaşlığın istiqamətləri və ali təhsil sistemində baş verən yeniliklər müzakirə olunub.
Konfransda ölkənin 50-dən artıq müəssisəsindən 700-dən çox tədqiqatçı iştirak edib və 600-dək elmi təqdimat 12 salonda təşkil olunan 63 panel iclasında müzakirə olunub.













