ADU-da Aprel döyüşlərinin 9-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

Aprelin 3-də Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin təşkilatçılığı ilə Aprel döyüşlərinin 9-cu ildönümünə həsr olunmuş “Zəfər yolunda” mövzusunda tədbir keçirilib.
Tədbiri fakültənin dekanı, professor İbrahim Kazımbəyli açaraq Ermənistan dövlətinin tarixi Azərbaycan torpaqlarında yaranma prosesi, xalqımıza qarşı həyata keçirilən soyqırımı və deportasiyalar barədə qısa məlumat verib. Professor Kazımbəyli çıxışında 2016-cı ilin aprelində baş vermiş hadisələrə toxunaraq bildirib ki, Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı həyata keçirib. Nəticədə Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsi azad olunub, minlərlə hektar ərazi isə Ordumuzun tam nəzarətinə keçib. Dörd gün davam edən döyüşlər xalqımıza illər sonra ilk dəfə qələbə sevincini yaşadıb.
Daha sonra Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimi Günay Məmmədova “Zəfər yolunun başlanğıcı” mövzusunda çıxış edərək Aprel döyüşlərini böyük zəfərin ilk addımı kimi qiymətləndirib və Azərbaycan Ordusunun qəhrəmanlığını vurğulayıb.
Tədbirdə Beynəlxalq münasibətlər kafedrasının dosenti Aysel Bağırova da çıxış edərək “Aprel döyüşləri: Cənubi Qafqazda geosiyasi dəyişikliklərin başlanğıcı” mövzusunda fikirlərini bölüşüb. O, bu döyüşlərin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin artıq "dondurulmuş münaqişə" olmadığını göstərdiyini və regionda yeni geosiyasi dəyişikliklərin əsasını qoyduğunu qeyd edib.
Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb. Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müdiri dosent Xatirə Hacıyeva, Fəlsəfə və ictimai elmlər kafedrasının müdiri dosent Ədalət Abdiyeva və dekan müavini dosent Namiq Kərimov tədbirə dair öz fikirlərini bildiriblər.









