ADU-da “XX yüzillikdə Cənubi Qafqazda Azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırım və deportasiyalar” mövzusunda tədbir keçirilib

Aprelin 3-də Azərbaycan Dillər Universitetində “XX yüzillikdə Cənubi Qafqazda Azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırım və deportasiyalar” mövzusunda tədbir keçirilib.
Dövlət Himni səsləndirilib. Qərbi Azərbaycanla bağlı hazırlanan videoçarx izlənilib.
ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, tədbirin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Qərbi Azərbaycan icmasının yaradılması və uğurlu fəaliyyəti mühüm tarixi anlam kəsb edir: “Bu gün Qərbi Azərbaycan ifadəsi özündə çox önəmli siyasi, elmi, mədəni, tarixi aspektləri ehtiva edir. Bu gün Azərbaycan bütün dünyaya öz həqiqətlərini çatdırmaqda daha inamlı, daha güclü, daha tutarlı əsaslara malikdir. Bu inam, bu güc, bu tutarlı əsaslar bizim məsuliyyətimizi artırmış olur.
Cənab Prezident Qərbi Azərbaycanla bağlı bir çox məsələlərdə atılacaq addımları Zəfər günlərindən sonra da davam etdirməyi lazım bilir. Ali Baş Komandan kimi rəhbərimizin çox gözəl siyasi vərdişi var: heç bir problemin dondurulmasına imkan vermir. Qarabağ məsələsinin də dondurulmasına çalışan qüvvələrə bu imkanı verməməklə, bir daha böyük siyasi iradəsini göstərmiş oldu. Qərbi Azərbaycanla bağlı məsələlərdə də buna imkan verilməyəcək, tarixi ədalət öz yerini tapacaqdır. Biz buna inanırıq, bütün gücümüzlə çalışırıq ki, bu işə öz töhfəmizi verək”.
Konfransda Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, ADPU - nun prorektoru, Qərbi Azərbaycan İcmasının İdarə heyyətinin üzvü professor Mahirə Nağıqızı, millət vəkili, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı, Amasiya royon Qərbi Azərbaycan İcmasının sədri, akademik Abel Məhərrəmov, Qərbi Azərbaycan İcması sədrinin müavini, millət vəkili Hikmət Babaoğlu, ADU - nun Təhsil fakültəsinin dekanı, ETN yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadə, ADU - nun Təhsildə xarici dillər kafedrasının müdiri, Çəmbərək rayon Qərbi Azərbaycan İcmasının Beynəlxalq Əlaqələr Şurasının sədri, dosent Həqiqət Hacıyeva və Avropanın müxtəlif yerlərindən çox tutarlı və dəyərli mənbələrə əsaslanan video çıxışları ilə qatılan hörmətli qonaqlarımız Türkiyədən Rufat Gürel, araştırmaçı, yazar və tarixçi, Almaniyadan Amir - Ali Sardari, İravan xanının varisi, Yunanıstandan Rəşid Məmmədov " Qala" Yunanıstan - Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Almaniyadan Dr. Orhan Aras, yazar, Niederlanddan İlhan Aşkın, Hollandiya, Azərbaycan - Türk Kultur dərnəyinin sədri və digərləri çıxış etdilər.
Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli tədbir iştirakçılarını salamlayıb, təşkilatçılara təşəkkürünü bildirib. Qeyd olunub ki, Qərbi Azərbaycana Qayıdış böyük bir prosesdir. Qayıdış prosesini sürətləndirmək üçün hər bir Azərbaycanlı fəal olmalıdır. Bu fəallıq təkcə siyasi müstəvidə yox, təhsil, elm, mədəniyyət sahələrdə də özünü göstəməlidir.
Almaniyada yaşayan yazıçı, tərcüməçi Orhan Aras video-formatda çıxış edib. Qeyd olunub ki, ermənilərin tarix boyu türklərə, xüsusən də Azərbaycanlılara qarşı amansız soyqırım siyasəti olub. Soydaşlarımız etnik təmizləmələrə, deportasiyalara, soyqırımlara məruz qalaraq həmin coğrafiyalardan zorla köçürüldükdən, çıxarıldıqdan sonra bu ərazilərdəki Azərbaycan izləri ermənilər tərəfindən silinib, məhv edilib.
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü, professor Mahirə Nağıqızı tədbirin önəmindən söz açıb. Qeyd olunub ki, Qərbi Azərbaycana qayıdış prosesi özünü bütün sahələrdə göstərməlidir. Azərbaycan xalqı ötən iki əsr ərzində silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürülmə və soyqırımılarından böyük əziyyət çəkmişdir. Azərbaycanlıların vaxtilə mütləq əksəriyyət təşkil etdiyi indiki Ermənistan ərazisindən tamamilə çıxarılması nəticəsində indi həmin ərazidə ermənilər yaşayır.
Amasiya rayon Qərbi Azərbaycan İcmasının sədri, akademik Abel Məhərrəmov gənclərə üzünü tutaraq tarixi həqiqətləri daha dərindən öyrənməyin vacibliyindən danışıb. Qərbi Azərbaycan haqqında müxtəlif xarici dillərdə məqalələrin, araşdırma yazılarının aparılması olduqca zəruri məsələlərdən biridir.
Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. Bildirilib ki, Qərbi Azərbaycan həqiqətlərinin öyrənilməsi gənclər üçün yeni tarixi faktlarla tanışlıq baxımından çox önəmlidir.
Millət vəkili Hikmət Babaoğlu çıxışında Qərbi Azərbaycana qayıdışla bağlı görülən işlərin önəmindən söz açıb. Qeyd olunub ki, qayıdış prosesi öz prinsiplərini açıq şəkildə bəyan etməklə, tarixi ədalətin gec-tez bərqarar olacağını təqdim etmiş olur.
ADU-nun Təhsil fakültəsinin dekanı, professor Hikmət Əlizadə Qərbi Azərbaycanın dünəni, bu günü və sabahı ilə bağlı danışıb. Qeyd olunub ki, tarixi Azərbaycan torpaqları olan Qərbi Azərbaycan hər zaman öz tarixi abidələri, memarlığı ilə seçilib.
Tədbir tələbələrin hazırladıqları bədii hissə ilə davam edib.











































