"Aşıq Ələsgər yaradıcılığında ictimai dəyərlər" mövzusunda tədbir keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) İngilis və Alman dilləri fakültəsi nəzdində, Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti Gülənbər Pirnəzərovanın təşəbbüsü və təşkilatçılığı ilə "Aşıq Ələsgər yaradıcılığında ictimai dəyərlər" mövzusunda tədbir keçirilib. Tədbirdə 314 B, 314 A, 315 R qruplarının tələbələri və Ceyranbatan qəsəbəsi 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdi iştirak ediblər.
Tədbirin proqramı çərçivəsində, aşıq Ələsgərin ictimai, mənəvi, dini və fəlsəfi əhəmiyyət daşıyan bir çox şeiri ifa olunub. Gülay Pirnəzərlinin saz havalarının müşayəti ilə tələbələr aşığın yaradıcılığını canlandırıb, həmçinin, Sərxan Abdullayevin alman dilinə tərcümə etdiyi "Çərşənbə günündə çeşmə başında" şeiri 315 R qrup tələbəsi Quliyev Riyadın ifasında alman dilində dinlənilib.
Gülənbər Pimazarova tədbirdə çıxışı zamanı aşıq Ələsgərin təkcə türk xalqlarının deyil, ümumilikdə dünya mədəniyyətinin dəyərli irsinin bir parçası olduğunu vurğulayıb. O, Ulu Öndər Heydər Əliyevin aşıq Ələsgərin sənətinə verdiyi yüksək qiyməti xüsusi qeyd edərək, 1972-ci ildə onun təşəbbüsü ilə Bakı və Moskvada təşkil olunan 150 illik yubiley tədbirlərindən danışıb. G.Pimazarova həmin tədbirlərin keçmiş Sovet İttifaqının tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə baş tutduğunu da xatırladıb.
Tədbirin sonunda rektor köməkçisi Anar Osmanlı çıxış edərək, aşıq Ələsgərin 200 illik yubileyinə dair cənab İlham Əliyevin imzaladığı sərancamı və Ulu Öndərin aşıq sənətinə verdiyi dəyərin qorunub saxlanılmasının vacibliyini bildirib. O, həmçinin, aşığın doğulduğu Ağkilsə kəndində heykəl ucaldıldığını və İlham Əliyevin doğru siyasəti və səyləri ilə Qərbi Azərbaycanın azad olunacağına ümidini ifadə edib.
Baş müəllim Tahirə Gözəlova isə tədbirdə ilk dəfə səslənən, əxlaq və təbliğat mövzusunda yazılmış şeirlərin önəmini vurğulayıb. Belə şeirlər vasitəsilə tələbələr, mərdlik, səxavət, dürüstlük və digər mənəvi dəyərlərin cəmiyyətə ötürülməsinin vacibliyini ifadə ediblər. Mədəni irsimizin gənc nəslə ötürülməsinin nə qədər qiymətli olduğunu çıxışlarında bildirən prof. Fikrət Cahangirov, dos. Həqiqət Hacıyeva və dos. Xatirə Qocayeva, həmçinin Gülənbər Pirnəzərovaya da təşəkkür ediblər.











