XƏBƏRLƏR

Təcrübəçi tələbələr üçün elmi seminar keçirilib

17 mart, 2025

Azərbaycan Dillər Universitetində (ADU) "Azərbaycanşünaslıq" Elmi Mərkəzində təcrübəçi tələbələr üçün “Tədqiqat üsulları” mövzusunda elmi seminar keçirilib. Tədbirin məqsədi müasir elmi tədqiqat metodlarının öyrənilməsi və tələbələrin elmi araşdırmalara marağının artırılması olub.

Seminarın açılışında Mərkəzin müdiri, dosent Akşin Rüstəmov çıxış edərək "Azərbaycanşünaslıq" Elmi Mərkəzinin əsas fəaliyyət istiqamətləri haqqında danışıb. O, Mərkəzin Azərbaycançılıq məfkurəsinin, ulu öndər Heydər Əliyevin irsinin və Prezident İlham Əliyevin elm, təhsil və mədəniyyət sahəsində həyata keçirdiyi siyasətin təbliği ilə yanaşı, gənclərin milli-mənəvi dəyərlərə və müasir elmi biliklərə yiyələnməsinə dəstək verdiyini vurğulayıb.

Seminar çərçivəsində Mərkəzin baş elmi işçisi, dosent Ülviyyə Rəhimovanın rəhbərliyi ilə tələbələrin hazırladığı esselər müzakirə olunub. “Cümhuriyyət dövrü poeziyasında tənqidi realizm ənənələri”, “Ədəbiyyatda müəllim obrazı” və “Anarın yaradıcılığında ekzistensializm” mövzularında aparılan elmi müzakirələr tələbələrin tədqiqat bacarıqlarının inkişafına töhfə verib.

Seminarın sonunda Ülviyyə Rəhimova tələbələrin suallarını cavablandırıb, tədqiqat işlərinin Azərbaycanşünaslıq sahəsi ilə əlaqələndirilməsi barədə tövsiyələr verib. Tədbir tələbələrin gələcək elmi araşdırmalarına dair praktiki məsləhətlərlə yekunlaşıb.