XƏBƏRLƏR

ADU-da elmi araşdırma və akademik yazı bacarıqlarına dair seminar keçirilib

17 mart, 2025

14 mart 2025-ci il tarixində Azərbaycan Dillər Universitetində (ADU) "Elmi araşdırma və akademik tezis yazılış qaydaları" mövzusunda seminar təşkil olunub. Tədbir universitetin 2 saylı tədris binasında yerləşən Oxu zalında, Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə keçirilib.
Seminar Regionşünaslıq kafedrasının dosenti Aqil Şahmuradov tərəfindən aparılmış və təqdimat çərçivəsində akademik tezisin strukturu, əsas tədqiqat sualının formalaşdırılması, elmi mənbələrin düzgün seçilməsi və istifadəsi, həmçinin akademik üslubun tələbləri barədə ətraflı məlumat verilib. Təqdimat zamanı elmi yazı prosesində tez-tez rast gəlinən səhvlər təhlil edilib və onların qarşısının alınması üçün praktik tövsiyələr irəli sürülüb. 
Aqil Şahmuradov elmi araşdırma prosesinin mərhələlərini izah edərək, tədqiqat metodologiyasının obyektivliyə uyğun qurulmasının vacibliyini vurğulayıb. O, həmçinin akademik diskursun tələblərinə uyğun yazı strategiyalarını açıqlayıb və iştirakçılara elmi üslubda ifadəetmə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində dəyərli tövsiyələr verib.
Təlimin sonunda keçirilən interaktiv sual-cavab sessiyası tələbələrin elmi araşdırma və akademik yazı ilə bağlı çətinliklərini daha dərindən müzakirə etmələrinə imkan yaradıb. Seminarın dinamik və interaktiv formatda təşkili mövzuya marağı artıraraq, iştirakçıların fəal şəkildə müzakirələrə qoşulmasını təmin edib.
Ümumilikdə, təşkil olunan seminar tələbələr üçün elmi tədqiqatın metodoloji aspektlərini dərindən mənimsəmək və akademik yazı vərdişlərini inkişaf etdirmək baxımından mühüm əhəmiyyət kəsb edib.
 Bildirilib ki, Tələbə Elmi Cəmiyyəti gələcəkdə də elmi maarifləndirmə və tədqiqat bacarıqlarının inkişafına yönəlmiş bu kimi akademik tədbirlərin təşkilini davam etdirməyi planlaşdırır.