Ayfər Altay: “ADU-nun QS reytinq cədvəlində 100 pillə irəliləməsi tarixi uğurdur”

Ayfər Altay: “ADU-nun QS reytinq cədvəlində 100 pillə irəliləməsi tarixi uğurdur”
Martın 12-də “Quacquarelli Symonds” reytinq agentliyi fənn sahələri üzrə dünyanın ən yaxşı universitetlərinin 2025-ci il üçün cədvəlini dərc edib. Azərbaycan Dillər Universiteti (ADU) “Müasir dillər” proqramı üzrə dünyanın ən yaxşı 201-250 universitetinin siyahısına daxil olub. Müraciət edən 5200 universitetdən 1747 universitet tədqiqata cəlb olunub.
Qeyd edək ki, 2023 və 2024-cü illərdə Azərbaycan Dillər Universiteti Müasir Dillər üzrə 301-340-cı yerləri tutduğu halda, bu il 100 pillə irəliləyərək 201-250-ci sıralarda yer alıb.
Sözügedən reytinq 5 indikatoru (akademik nüfuz, işəgötürənlər arasında nüfuz, məqalə üzrə istinad sayı, H-indeks və beynəlxalq elmi əməkdaşlıq indeksi) nəzərə alır.
Bu münasibətlə dünyanın müxtəlif universitetlərindən təbrik məktubları gəlir.
Türkiyənin Atılım Universitetinin tərcümə fakültəsinin dekanı, professor Ayfər Altay ADU-nun qazandığı böyük uğuru yüksək qiymətləndirib.
Ayfər Altay bildirib ki, “Quacquarelli Symonds” reytinq agentliyinin fənn sahələri üzrə dünyanın ən yaxşı universitetlərinin 2025-ci il üçün cədvəlində Azərbaycan Dillər Universitetinin 100 pillə irəliləməsi tarixi uğurdur:
“Bu gözəl xəbəri çox böyük sevinclə oxudum. ADU-nun “Müasir dillər” proqramı üzrə dünyanın ən yaxşı 201-250 universitetinin siyahısına daxil olması göstərilən 5 istiqamətdə işlərin necə səmərəli, dəqiq və peşəkar qurulmasını göstərir. 5200 universitetin müraciət etməsi, onlardan 1747 universitetin tədqiqata cəlb olunması ciddi rəqabətdir. Azərbaycan Dillər Universiteti dünyanın ən böyük universitetləri ilə rəqabət aparmaq gücündədir. İnanıram ki, Atılım Universiteti və Azərbaycan Dillər Universiteti arasında arasında əməkdaşlıq gələcəkdə daha da genişlənəcək. Azərbaycan Dillər Universitetinin irəliyə doğru atdığı bütün addımları dəstəkləyir və bütün həmkarlarımızı təbrik edir, uğurlar arzu edirəm”.