XƏBƏRLƏR

Amerika Təhsil Şurasının ali təhsil proqramları üzrə direktoru Qrehem Hettlinger ADU-nu təbrik edir

16 mart, 2025

Martın 12-də “Quacquarelli Symonds” reytinq agentliyi fənn sahələri üzrə dünyanın ən yaxşı universitetlərinin 2025-ci il üçün cədvəlini dərc edib. Azərbaycan Dillər Universiteti (ADU) “Müasir dillər” proqramı üzrə dünyanın ən yaxşı 201-250 universitetinin siyahısına daxil olub. Müraciət edən 5200 universitetdən 1747 universitet tədqiqata cəlb olunub.

Qeyd edək ki, 2023 və 2024-cü illərdə Azərbaycan Dillər Universiteti Müasir Dillər üzrə 301-340-cı yerləri tutduğu halda, bu il 100 pillə irəliləyərək 201-250-ci sıralarda yer alıb.

Sözügedən reytinq 5 indikatoru (akademik nüfuz, işəgötürənlər arasında nüfuz, məqalə üzrə istinad sayı, H-indeks və beynəlxalq elmi əməkdaşlıq indeksi) nəzərə alır.

Bu münasibətlə dünyanın müxtəlif universitetlərindən təbrik məktubları gəlir.

Amerika Təhsil Şurasının ali təhsil proqramları üzrə direktoru Qrehem Hettlinger təbrik məktubu yazaraq ADU-nun bu böyük uğurunu yüksək qiymətləndirib:

"QS reytinqlər cədvəlində əldə etdiyi mükəmməl nəticəyə görə Azərbaycan Dillər Universitetindəki bütün həmkarlarımı səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan Dillər Universiteti uzun illərdir ki, birgə proqramımız çərçivəsində iştirak edən amerikalı tələbələrə yüksək səviyyədə dil tədrisi təqdim edir. Biz sizin peşəkar, qayğıkeş və möhtəşəm müəllim heyətinizi daim heyranlıqla izləyir və yüksək qiymətləndiririk.

Tələbələrimiz özlərini sizin universitetdə həmişə rahat və arxayın hiss edirlər. Azərbaycan Dillər Universitetindəki enerjili və pozitiv atmosferə görə siz çox minnətdarıq. Universitet bir çox amerikalı tələbənin həm dil bacarıqlarının, həm də dünyagörüşlərinin inkişafına müsbət töhfə verib və bunun üçün sizə təşəkkür edirik.

QS reytinqində bu gözəl nəticəni görmək məni çox sevindirir və sizə böyük uğurlar arzulayıram".