ADU-da Çanaqqala zəfərinin 110 illiyinə həsr olunmuş elmi seminar keçirilib

Azərbaycan Dillər Universiteti (ADU) və "Bakı İstanbul Cambridge International School"un birgə təşkilatçılığı ilə Çanaqqala zəfərinin 110 illiyinə həsr olunmuş "Türk xalqının şərəf və qəhrəmanlıq salnaməsi" adlı elmi seminar keçirilib.
Seminar Azərbaycan və Türkiyə Respublikasının Dövlət himnlərinin səsləndirilməsi və 1 dəqiqəlik sükutla başlayıb. Açılış nitqini ADU-nun elmi işlər üzrə prorektoru, professor Həmida Əliyeva edib.. Tədbirin moderatoru Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müdiri, dosent Xatirə Hacıyeva olub.
Seminarda Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Namiq Kərimov "Çanaqqala savaşı: səbəbləri, gedişatı və nəticələri" mövzusunda çıxış edib. Daha sonra "Bakı İstanbul Cambridge International School"un müdiri Səmaya Turabxanlı "Tariximizin önəmi" mövzusunda məruzə ilə çıxış edib.
Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb və Çanaqqala zəfərinin tarixi əhəmiyyəti geniş müzakirə olunub. Bu zəfər Türkiyədə olduğu kimi, Azərbaycanda da böyük sevinc və iftixarla qeyd olunur. Azərbaycan Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, Çanaqqala zəfərinin birlikdə qeyd olunması Türkiyə və Azərbaycan dövlətlərinin və xalqlarının bütün tarixi dövrlərdə olduğu kimi, bu gün də bir yerdə və həmrəy olduğunun rəmzidir.





















