XƏBƏRLƏR

ADU tələbələrinin iştirakı ilə 258 nömrəli məktəbdə Novruz tədbiri keçirilib

14 mart, 2025

Martın 14-də Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya fakültəsinin Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimi, metodist Aynur Təhməzovanın rəhbərliyi ilə təcrübə keçən İngilis-Fransız dilləri fakültəsinin 420 A, 420 B və 428 A qruplarının tələbələri Nərimanov rayonundakı Arif Vəliyev adına 258 nömrəli məktəbdə Novruz bayramına həsr olunmuş tədbir keçiriblər. ədbir məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Sahibə Adıgözəlovanın dəstəyi ilə təşkil olunub.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə açıq elan edilib. Daha sonra aparıcılar ingilis dilində Novruz bayramı haqqında ümumi məlumat veriblər. Tədbirdə şagirdlər rəqs və mahnı kompozisiyaları ilə çıxış edib, həmçinin "John Novruz ərəfəsində Azərbaycanda" adlı səhnəcik nümayiş etdiriblər.

Bayram şənliyində Keçəl və Kosa obrazlarının çıxışı xüsusi maraqla qarşılanıb. Şagirdlər Novruza həsr olunmuş müxtəlif şeirlər səsləndirib, qədim Novruz ənənələrini yaşadaraq milli dəyərləri nümayiş etdiriblər. Tədbirdə metodist Aynur Təhməzova, fənn müəllimi Gülər Bayramova, digər müəllimlər, təcrübəçi tələbələr və məktəb şagirdləri iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd şagirdlərə Novruz ənənələrini tanıtmaq və milli dəyərləri aşılamq olub.