XƏBƏRLƏR

ADU-da “İlin ən yaxşı elmi məqaləsi” müsabiqəsinin keçirilməsi müzakirə olunub

13 mart, 2025

Martın 12-də Azərbaycan Dillər Universitetində (ADU) “ADU-nun Elmi Xəbərləri (humanitar və ictimai elmlər)” jurnalının 2024-cü ildə gənc tədqiqatçılar və doktorantlar tərəfindən çap olunmuş ən yaxşı məqalə müsabiqəsinə həsr olunmuş iclas keçirilib.

Tədbir Elmi işlər üzrə prorektor Həmidə Əliyeva, Elm şöbəsinin müdiri Sevda İmanova, Doktorantura şöbəsinin müdiri Nərgiz Qarayeva, Fəlsəfə və İctimai Elmlər kafedrasının müdiri Ədalət Abdiyeva, Təhsil fakültəsinin dekanı Hikmət Əlizadə və Ümumi dilçilik kafedrasının müdiri Azad Məmmədovun təşkilatçılığı ilə baş tutub.

İclasda 2025-ci ilin mart ayında Elm gününə həsr olunmuş "İlin ən yaxşı elmi məqaləsi" adlı müsabiqənin keçirilməsinin məqsədəuyğun olduğu vurğulanıb. Tədbir iştirakçıları elmi fəaliyyətin stimullaşdırılması, gənc tədqiqatçılar arasında akademik marağın artırılması və universitetdə tədqiqatların keyfiyyətinin yüksəldilməsi baxımından bu təşəbbüsün əhəmiyyətini qeyd ediblər.

Bununla yanaşı, iclasda elmi tədqiqatların inkişafı və keyfiyyətinin artırılması istiqamətində görüləcək işlər, həmçinin bu sahədə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.