XƏBƏRLƏR

ADU-nun nümayəndələri şəhid Elvin Bayramovun ailəsini və məzarını ziyarət ediblər

13 mart, 2025

Azərbaycan Dillər Universitetinin (ADU) professor-müəllim heyəti və tələbələri 44 günlük Vətən müharibəsində şəhid olmuş universitetin məzunu Elvin Bayramovun ailəsini ziyarət ediblər. Mart bayramları və Ramazan ayı münasibətilə şəhid ailəsinə bayram sovqatı çatdırılıb.

Ziyarətdə Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı professor İbrahim Kazımbəyli, Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının müdiri professor Sevdagül Əliyeva, Fəlsəfə və ictimai elmlər kafedrasının müdiri dosent Ədalət Abdiyeva, Beynəlxalq Münasibətlər kafedrasının müdiri professor Aida Yusifzadə, Diplomatik xarici dillər kafedrasının müdiri professor Nərgiz Seyidova, Fəlsəfə və ictimai elmlər kafedrasının professoru Şəfəq Abdullayeva, "Qafqazşünaslıq və Azərbaycan tarixi" kafedrasının müəllimi dosent Namiq Kərimov və təcrübəçi tələbələr- Mehman Güləliyeva, Elmira Səlimova və Rüstəm Ağayeva iştirak ediblər.

Universitet nümayəndələri Binəqədi qəsəbəsində şəhidin adını daşıyan küçədə yerləşən ev muzeyi ilə tanış olublar. Valideynləri Elvin Bayramovun həyat və döyüş yolu, şəxsi əşyaları və əl işləri barədə məlumat veriblər. Professor Şəfəq Abdullayeva şəhidin tələbəlik illəri və ona dərs dediyi dövrlə bağlı xatirələrini bölüşüb.

Daha sonra ADU-nun nümayəndə heyəti şəhidin ailə üzvləri ilə birlikdə Biləcəridə yerləşən Şəhidlər xiyabanına gedərək Elvin Bayramovun məzarını ziyarət edib, onun ruhuna dualar oxuyublar.