XƏBƏRLƏR

ADU-da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

13 mart, 2025

Azərbaycan Dillər Universitetində (ADU) Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının 134 saylı (ADU üzrə) Ərazi partiya təşkilatı və Yeni Klubun təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycan Respublikası tam suverenliyə gedən yolda və böyük qayıdış” mövzusunda tədbir keçirilib.

Tədbirdə universitetin Tədris məsələləri üzrə prorektoru Şəfəq Şahməmmədova, fakültə dekanları, kafedra və şöbə müdirləri, müəllim və tələbələr iştirak ediblər. Dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi anılıb və azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinə dair videoçarx nümayiş etdirilib.

Tədbirin moderatoru, Ərazi partiya təşkilatının sədri, dosent Qorxmaz Mustafayev çıxış edərək Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli”nin elan edilməsi ilə bağlı sərəncamının tarixi əhəmiyyətini vurğulayıb. O, universitetin rektoru, akademik Kamal Abdullanın bu məsələyə xüsusi önəm verdiyini və fakültələrdə mütəmadi tədbirlərin keçirildiyini bildirib.

Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimi Mina Qarayeva “Azərbaycan Respublikasında dövlət quruculuğu və tam suverenliyin əldə edilməsi” mövzusunda çıxışında Azərbaycanın tam suverenliyə gedən yolundan, 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra aparılan quruculuq işlərindən bəhs edib. Fəlsəfə və ictimai elmlər kafedrasının baş müəllimi Afaq İsmayılova “Azərbaycan Respublikasının Konstitusiyasında ərazi bütövlüyünün təsbiti və onun həyata keçirilməsi” mövzusunda çıxışında  ölkəmizin Əsas qanunu-Konstitusiyasının qəbul edilməsində Ulu Öndərin xidmətlərini, ərazi bütövlüyü məsələlərini və tam suverenliyin əldə edilməsinin hüquqi tərəflərini diqqətə çatdırıb.

Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbəsi, Yeni Klubun sədri Mədinə Əhmədova gənclərin tam suverenliyin bərpasındakı rolundan danışıb. O, gənclərin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və dövlətin onlara olan qayğısını diqqətə çatdırıb.

Müzakirələr zamanı Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli Azərbaycanın 44 günlük zəfərindən və antiterror əməliyyatından sonra yaranmış reallığı, böyük qayıdışın həyata keçirilməsində, Qərbi Azərbaycan icmasının doğma yurdlarına dönə bilməsi istiqamətində Prezident İlham Əliyevin uğurlu siyasətini diqqətə çatdırıb.

 Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müdiri dosent Xatirə Hacıyeva, BMR fakültəsinin dekan müavini dosent Namiq Kərimov Azərbaycanın tam suverenlik əldə etməsi və Qərbi Azərbaycana qayıdış məsələləri ilə bağlı fikirlərini bölüşüblər.

Tədbir iştirakçıların müzakirələri ilə davam edib.