ADU-da "Konstitusiya və Suverenlik ili"nə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) İngilis və alman dilləri, eləcə də İngilis və fransız dilləri fakültələrinin təşəbbüsü ilə "Konstitusiya və Suverenlik ili"nə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ADU Müəllim Həmkarlar Təşkilatının sədri Misgər Məmmədov, ADU rektorunun məsləhətçisi Anar Osmanlı, İngilis və alman dilləri fakültəsinin dekanı dosent Naibə Camalzadə, İngilis və fransız dilləri fakültəsinin dekanı dosent Vəfa Babayeva, kafedra müdirləri, müəllimlər və tələbələr iştirak ediblər.
Tədbirin moderatoru İngilis və fransız dilləri fakültəsinin dekan müavini dosent Namiq Əsədov olub. Açılış nitqi ilə çıxış edən fakültə dekanı Vəfa Babayeva hüquqi dövlət quruculuğunda Konstitusiyanın rolu və suverenliyin bərpasının siyasi-iqtisadi əhəmiyyətindən danışıb.
Daha sonra çıxış edən Misgər Məmmədov 44 günlük Vətən müharibəsi, milli suverenliyin bərpası və möhkəmləndirilməsi prosesində qarşıya çıxan çətinliklər və onların həlli yollarından bəhs edib.
İngilis dilinin qrammatikası kafedrasının baş müəllimi Leyla Süleymanova, Linqvokulturologiya kafedrasının baş müəllimi Ülfan Mirzəzadə, İngilis dilinin tədrisi metodikası kafedrasının müəllimi Aynur Məmmədova, İngilis dilinin leksikologiyası kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Əliyeva, Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının baş müəllimi Xatirə Qarazadə və İngilis dilinin fonetikası kafedrasının müəllimi Bəyim Kərimova da çıxış edərək milli suverenliyin əldə olunması və möhkəmləndirilməsi mövzusunda maraqlı fikirlər səsləndiriblər.
Diskussiya formatında davam edən tədbirin sonunda ADU rektorunun məsləhətçisi Anar Osmanlı çıxış edərək, müstəqil Azərbaycan dövlətçiliyinin inkişafında Konstitusiyanın və milli suverenliyin vacibliyini vurğulayıb.















