XƏBƏRLƏR

ADU-da Tsukuba Universitetinin nümayəndələri ilə görüş keçirilib

19 fevral, 2025

19 fevral 2025-ci il tarixində Azərbaycan Dillər Universitetində (ADU) Yaponiyanın Tsukuba Universitetindən gələn nümayəndə heyəti ilə görüş keçirilib. Görüş zamanı iki universitet arasında akademik əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Tədbirdə ADU-nu Beynəlxalq Əlaqələr üzrə prorektor Jalə Qəribova, Beynəlxalq şöbənin müdiri Zeynal Cəfərov, Strateji inkişaf və planlama şöbəsinin müdiri Röya Əliyeva, Beynəlxalq Əlaqələr üzrə mütəxəssis Fidan Cəfərova və Yaponiya Araşdırmalar Mərkəzinin rəhbəri İbrahimov Yaşar təmsil ediblər.

Tsukuba Universiteti tərəfindən isə Yuji Kajiyama, Ph.D. (Təhsilin Təşviqi üzrə Qlobal Şəbəkə Layihəsinin rəhbəri, MDB Regional Ofisi), Hayate Sotome, Ph.D. (Humanitar və Sosial Elmlər İnstitutunun assistenti) və Mitsuko Terasava (Ogawara) (İctimaiyyətlə Əlaqələr Bürosunun rəhbəri) iştirak ediblər.

Görüşdə ADU tərəfindən müəllim və tələbə mübadiləsi, eləcə də Tsukuba Universitetində Azərbaycan dilinin tədrisi ilə bağlı təkliflər irəli sürülüb. Tsukuba Universitetinin nümayəndələri isə universitetlərarası səfərlərin təşkili, təhsil sərgilərinin keçirilməsi və informasiya sessiyalarının təşkilini təklif ediblər.

Bundan əlavə, Tsukuba Universitetinin ADU-da rəsmi ofisinin açılması təşəbbüsü irəli sürülüb. Bu ofis ADU-nun beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirməklə yanaşı, universitetin xarici tələbələr üçün daha cəlbedici hala gətirilməsinə dəstək verəcək.

Görüşün sonunda tərəflər əməkdaşlığın inkişaf etdirilməsi və konkret fəaliyyət planının hazırlanması istiqamətində müzakirələrin davam etdirilməsinə razılaşıblar.