Görkəmli alim Niyazi Mehdinin əziz xatirəsinə

Azərbaycanın görkəmli alimi, Azərbaycan Dillər Universitetinin məsləhətçi professoru Niyazi Mehdi vəfat edib. ADU-nun rektoru, akademik Kamal Abdulla və universitetin kollektivinin adından professor Niyazi Mehdinin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Niyazi Mehdinin əziz və işıqlı xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq.
Fevralın 28-də ADU-nun Elmi Şurasında Niyazi Mehdinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Allah rəhmət eləsin!
Niyazi Mehdi Musa oğlu 1951-ci il fevralın 26-sında Bakıda ziyalı ailəsində anadan olub.
Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirəndən sonra Moskva Dövlət Universitetində Estetika üzrə aspiranturada oxumuşdur. 1977-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. 1991-ci ildə həmin universitetin professoru olub. 1985-ci ildə Azərbaycan Yazıçılar Birliyinə üzv seçilib.
Niyazi Mehdi 1976-cı ildə Moskva Dövlət Universitetinin Estetika üzrə aspiranturasını bitirəndən sonra kinematoqrafiyanın semiotik-struktur analizinə yönəlik namizədlik dissertasiyasını müdafiə etmişdir. Həmin dissertasiya SSRİ-də kinonun semiotikası üzrə ilk araşdırmalardan idi.
Niyazi Mehdinin doktorluq dissertasiyası Ortaçağ İslam, eləcə də Azərbaycan mədəniyyətinin semiotik-struktur təhlili üzərində qurulub. Ortaçağ İslam mədəniyyətinə bu yanaşma da demək olar ki, ilk addım idi.
1993-cü ildən bəri o, Hyustonda, Budapeştdə, Moskvada, Oşda, Almatıda, Vilnüsdə, Uppsalada, Varşavada, Batumidə, Tbilisidə, Ankarada, Edinburqda, Bordoda və Berlində müxtəlif elmi seminar və konfranslarda iştirak etmişdir.
Niyazi Mehdinin 1270-dən çox çapdan çıxmış yazıları var. Onlar publisistikadan tutmuş etnoqrafiya, dinşünaslıq elmlərinəcən, estetikadan tutmuş dilçilik, fəlsəfə tarixi, kulturologiya və siyasətşünaslığacan müxtəlif sahələri əhatə edir.
Niyazi Mehdinin ingilis, türk və rus dillərindən çoxlu tərcümələri var. Onun çap olunmuş bəzi kitabları aşağıdakılardır:
1. Orta əsrlər Azərbaycan estetik mədəniyyəti (B., 1986)
2. Ortaçağ İslam mədəniyyəti: bilinənlərin estetikası, gizlilərin fəlsəfəsi (B., 1996 – rus dilində)
3. Din və cəmiyyət: təsirlər, nəticələr və problemin demokratik həlli (B., 1997)
4. Qeyri-zorakı mübarizənin nəzəriyyəsi və taktikas (B., 1998 – başqa müəlliflərlə birlikdə)
5. Haqları necə qorumaq: nə etməli və nə bilməli haqqında Yaddaş kitabı (B., 1999 – başqa müəlliflərlə birlikdə)
6. Çətin və dolaşıq durumların kulturolojisi (Şərq və Qərb mədəniyyətlərində virtual örtüyün "kosmoqoniyası") (B., 2001)
7. Azərbaycan biliklərindən sezilən nəsnələr (nəsnələrlə nəsnələr arasında) (B., 2003)
8. Fəlsəfə tarixində fəlsəfə: nə və necə deyilənlər haqqında kitab (Dərs vəsaiti) (B., 2005 – birgə müəllifliklə)
9. Sənətin arxeologiyası. Sənətin arxitektonikası (B., Qanun, 2007)
10. Fəlsəfədən dediklərim. Hamı üçün ideyalar, bir də faktlar (Bakı, Qanun, 2010, 366 s.)
11. O. İbadət düşüncələri (Bakı, Qanun, 2011, 231 s.)
12. 110 nəsnə. Hər şeydən bir az (Bakı, Qanun, 2014, 446 s.)
13. Секулярные дискурсы обо Всем.
14. Из философско-культурологичеких, эстетико-лингвистических и религиозно-атеистических размышлений. (Palmarium Academic Publishing, 2013)





