ADU tələbələri Xocalı faciəsinə həsr olunmuş stend hazırladılar

Nizami rayonu, K. Əyyubov adına 12 saylı tam orta məktəbdə Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının əməkdaşı, metodist, filologiya üzrə fəlsəfə doktoru, dosent Səfurə Cəfərovanın rəhbərliyi ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbir çərçivəsində əvvəlcə Xocalı faciəsinə dair dəyirmi masa təşkil olunub. 420a, 423b və 424a qrup tələbələrinin iştirakı ilə keçirilən müzakirədə faciənin tarixi, siyasi və hüquqi aspektləri ətrafında fikir mübadiləsi aparılıb. Tələbələr 1 dəqiqəlik sükutla Xocalı qurbanlarının xatirəsini anıblar.
Daha sonra tələbələr topladıqları məlumatlar əsasında Xocalı soyqırımını əks etdirən stend hazırlayıblar. Burada faciənin başvermə səbəbləri, nəticələri, şahid ifadələri, tarixi sənədlər və beynəlxalq təşkilatların Xocalı soyqırımına verdiyi qiymət xüsusi vurğulanıb.
Metodist Səfurə Cəfərova Xocalı faciəsinin Azərbaycan tarixinin ən ağır səhifələrindən biri olduğunu qeyd edib. O, belə tədbirlərin gənc nəslin milli tarixini unutmaması və vətənpərvərlik ruhunda yetişməsi baxımından mühüm rol oynadığını vurğulayıb.
Tədbirin məqsədi Xocalı soyqırımı haqqında həqiqətlərin gənclərə çatdırılması, bu faciənin unudulmaması və dünya ictimaiyyətinə düzgün şəkildə təqdim olunması olub.





