XƏBƏRLƏR

Tələbə Səbinə Mirzəyevanın şeirləri

26 fevral, 2025

ADU-nun Filologiya fakültəsinin II kurs tələbəsi Səbinə Mirzəyevanın şeirlərini təqdim edirik.

 

NƏ ÇOX DARIXDIM YENƏ?

Nə çox darıxdım yenə?
Özgələşdi bu yerlər.
Bir şeir yazdım sənə,
Səpələndi fikirlər.

Nə çox darıxdım yenə?
Sakit bir yaz axşamı...
Söz də keçməz könlümə,
Sənsiz sönər eşq şamı.

Nə çox darıxdım yenə?
Harayıma gəlmədin...
Nə üz verdisə mənə,
Heç özüm də bilmədim.

Nə çox darıxdım yenə?
Soyuq küləklər əsdi.
Şərik çıxıb dərdimə,
Yağış buludu kəsdi.

Nə çox darıxdım yenə?
Həsrət döndü dağ oldu.
Əlim çatmaz əlinə,
Bu da tamam ağ oldu.

Nə çox darıxdım yenə?
Özün məndən uzaqda.
Girdim sənin qəlbinə,
Özüm səndən uzaqda.

Nə çox darıxdım yenə?
Gözün qarası üçün,
Nə çox darıxdım yenə?
Yar darıxar yar üçün...

       
  
Görən halıma yanır

Bəlkə qəlbim susur indi,
Gözüm səni haraylayır...
Mən yatmışam yuxudur ki,
Gözlərim də qan ağlayır.

Hanı indi əllərin də?
Uzaqdanmı əl sallayır?
Mən ki, sən pis olmadım...
Niyə hamı səhv anlayır?

Qəlbim... düşünür ki, niyə?
Ağlım susmur, cavablayır.
"Fərz elə ki, yoxdun deyə,
O da səni yalanlayır"...

Hisslərimi rədd etmişəm,
Vicdanımsa hey danlayır...
Öz-özümə zülm etmişəm,
Görən isə halıma yanır.

Neyçün indi unutmuşam?
Xatirələr sayıqlayır...
Mən yuxudan oyanmışam,
Yuxu məni soraqlayır.

Özümü tənbeh etmişəm,
Gələn-gedən də danlayır.
İndi həmin arzumu da
Başqaları qucaqlayır.

 

Mən dəliyəm, əzizim

Mən dəliyəm, əzizim.
Sən də bilirsən bunu.
Budur,coşqun dənizin,
Götürüb əl-qolumu.

Mən dəliyəm, əzizim.
Sən tanıyarsan məni.
Bu tale ikimizin,
Tut, buraxma əlimi.

Mən dəliyəm, əzizim.
Birdən-birə ağlaram.
Var sanki bir əkizim,
Ani ümid bağlaram.

Mən dəliyəm,əzizim.
Küsüb susa bilərəm.
Gülməsə də bənizim,
Qəh-qəh çəkib gülərəm.

Mən dəliyəm, əzizim.
Amma sevirəm səni.
Yoxdur ki, heç əvəzin.
Tək məskənimsən mənim.

Mən dəliyəm, əzizim.
Səni şölə bilərəm.
Pərvanətək də gəzib,
Bir gün ölə bilərəm,
Bir gün ölə bilərəm...
 

Səni sevə bilərəm

Mən səninəm, əzizim,
Qorxma gedə bilərəm.
Mən sənsiz də, əzizim,
Səni sevə bilərəm.

Sevərəm gözümdəki,
Ümid işığı kimi.
Mən səni, yalnız səni,
Səni sevə bilərəm.

Sevərəm qəlbimdəki,
Bir yanan atəş kimi.
Bərq vuran günəş kimi,
Səni sevə bilərəm.

Sevərəm səhər yeli,
Üzümə vuran kimi.
Leylatək, Şirintəki,
Səni sevə bilərəm.

Sevərəm gənc şairin,
Həyat sevdiyi kimi.
Özüm bildiyim kimi,
Səni sevə bilərəm.

Sevərəm mən ac kimi,
Su sevən ağac kimi.
Sevginə möhtac kimi,
Səni sevə bilərəm.

Mən səninəm, əzizim,
Qorxma gedə bilərəm.
Mən sənsiz də, əzizim,
Səni sevə bilərəm. 

İndi qorxma heç nədən,
Arxayın ol, getmərəm.
Və getsəm də, əzizim,
Səni sevə bilərəm...
Yenə sevə bilərəm...

                   
Qəhər 

Gecə düşür darıxıram,
Bu darıxmaq yorur məni.
Göyüzünə baxınıram,
Küləklər də boğur məni.

Dərd-ələmə yoluxuram,
Qorxuram öldürər məni.
Yada salıb duruxuram,
Yar haçan güldürər məni?

Saatlarla gözləyirəm,
Saatlar da üzər məni.
Yarımı çox özləyirəm,
Yar da görən gəzər məni?

Bəd fikirə qapılıram,
Qəm də nəsə sevir məni.
Öz eşqimə qatılıram,
Yar, başına çevir məni.

Hava isti, üşüyürəm,
Şaxta indi kəsir məni.
Şeirləri səsləyirəm
Qələm alıb əsir məni.

Dünən gecə yatmamışam,
Göz yaşı yandırıb məni.
Yuxumu da qatmamışam.
Qəhər oyandırıb məni.

İndi bircə yardan xəbər,
Həyata qaytarar məni.
İnanıram tezcə gələr,
Bu dərd-qəm də atar məni.
Bu dərd-qəm də atar məni...