XƏBƏRLƏR

ADU-da məzunlarla istehsalat təcrübəsinə gedən tələbələrin görüşü keçirilib

26 fevral, 2025

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin Qərb ölkələri üzrə Regionşünaslıq kafedrası istehsalat təcrübəsinə gedən tələbələrlə ixtisasın keçmiş məzunlarının onlayn görüşünü təşkil edib.

Görüşü açıq elan edən Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının müdiri, professor Sevdagül Əliyeva tədbirdə iştirak edən təcrübə rəhbərlərini və müəllimləri təqdim edib. O, istehsalat təcrübəsinin məqsədi, tələbələr qarşısında qoyulan vəzifələr, təcrübə müddətində yerinə yetiriləcək tapşırıqlar və tərtib ediləcək sənədlər barədə məlumat verib.

Tədbirdə ADU-nun 2001-2005-ci illər bakalavr və 2005-2007-ci illər magistratura məzunu, hazırda Səhiyyə Nazirliyinin Analitik Ekspertiza şöbəsinin müdir müavini Esmira Əkbərova çıxış edərək, istehsalat təcrübəsinin gənclərin karyera inkişafında mühüm rol oynadığını vurğulayıb. O, tələbələrə nizam-intizamlı olmağı, əmək təhlükəsizliyi qaydalarına riayət etməyi və tapşırıqlara ciddi yanaşmağı tövsiyə edib.

ADU-nun Almaniya üzrə Regionşünaslıq ixtisasını 2007-ci ildə bitirən, hazırda SOCAR-ın Əməliyyat Satınalmaları və Təchizat Departamentində rəis müavini vəzifəsində çalışan Elçin Musayev isə tələbəlik illərindən başlayaraq qazandığı təcrübələrdən danışıb. O, uğurlu karyera qurmaq üçün daimi özünüinkişafın, mütaliənin və peşəkar ünsiyyət bacarıqlarının vacibliyini qeyd edib.

Görüşdə həmçinin ADU-nun Əlavə təhsil, Təcrübə və Karyera şöbəsinin inspektoru Cəmilə Məmmədova çıxış edərək, tələbələrə istehsalat gündəliyinin doldurulması və təcrübənin sonunda qiymətləndirilmə prosesi barədə ətraflı məlumat verib.

Sonda tələbələrin sualları cavablandırılıb və məzunlar onlara faydalı məsləhətlər veriblər.