Ülfət İbrahim Rusiyada müəllimlərin mobillik proqramı çərçivəsində mühazirələr keçib

Azərbaycan Dillər Universitetinin (ADU) Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ülfət Zakir oğlu İbrahim 16-23 fevral 2025-ci il tarixlərində müəllimlərin mobillik proqramı çərçivəsində Rusiyanın nüfuzlu Patris Lumumba adına Rusiya Xalqlar Dostluğu Universitetinə (RXDU) ezam olunub.
Səfər zamanı Ülfət İbrahim RXDU-nun İqtisadiyyat fakültəsi nəzdində fəaliyyət göstərən Xarici dillər kafedrasının dəvəti ilə bakalavr pilləsinin 2-ci və 3-cü kurs tələbələri üçün “Fransız dilinin işgüzar ünsiyyətinin leksik aspektləri” mövzusunda mühazirələr, həmçinin “Frankofoniya ölkələrində işgüzar ünsiyyətin linqvomədəni aspektləri” adlı ustad dərsləri keçib. Bununla yanaşı, magistr tələbələri üçün işgüzar fransız dilinə həsr olunmuş təlim və seminarlar təşkil edib.
Ülfət İbrahimin apardığı dərs və təlimlər RXDU-nun professor-müəllim heyətinin və dünyanın 130-dan çox ölkəsindən gəlmiş tələbələrin böyük marağına səbəb olub. Mobillik proqramını uğurla tamamlayan alimə bu barədə rəsmi sənəd təqdim edilib.
Səfər zamanı Moskva Dövlət Linqvistik Universitetinin Fransız dili fakültəsinin dekanı Yelena Vladimorovna Fedayeva və Dil və mədəniyyət üzrə Baza Təşkilatının rəhbəri Vyaçeslav Vladimiroviç Konevlə keçirilən görüşlərdə, universitetlərimiz arasında müqavilə çərçivəsində əməkdaşlığın daha da sıxlaşdırılması məsələləri müzakirə olunub. O, həmçinin 2025-ci ildə sözügedən universitetin 95 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirak etmək üçün dəvət alıb.















