XƏBƏRLƏR

ADU-nun müəllimləri Dehlidə mübadilə proqramında iştirak ediblər

21 fevral, 2025

3-11 fevral tarixlərində Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə Fakültəsi Müasir dillər kafedrasının müəllimi, İspan dili Mərkəzinin müdiri Nərgiz Mədətova və Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi Diplomatik xarici dillər kafedrasının baş müəllimi Gülnarə Əfəndiyeva Azərbaycan Evrika liseyi ilə Hindistanın Modern Public School-un əməkdaşlığı çərçivəsində Hindistanın Dehli şəhərində təşkil olunmuş tədris və mədəniyyət  mübadilə proqramında iştirak ediblər.

Layihədə MPS - heyəti ilə tanışlıq, dərs dinləmələr, dərs prosesində Azərbaycandan olan müəllimlərin iştirakı, müəllimlər üçün nəzərdə tutulmuş təlimlər təşkil olunub, mədəniyyət mübadiləsi aparılıb və hər iki tərəfin nümayəndələri ilə dərslər təhlil olunub.

Proqram iştirakçıları layihənin şərtlərinə uyğun host ailələrdə- müəllim ailələrində yerləşdirilib və bu həmin xalqın adət-ənənələrinə, yaşam tərzlərinə daha yaxından bələd olmaqda, dostluq münasibətlərinin möhkəmlənməsində faydalı olub.

 Həftə boyunca müəllimlər  gündəlik dərslərdə iştirak ediblər. Müəllimlərin məktəbə gətirib aparılması, turlarda iştirakı MPS tərəfindən  yüksək səviyyədə qarşılanıb.

Proqram çərçivəsində ADU-nun müəllimləri Hindistanın Dehli Universitetinə baş çəkib və oradakı tədris prosesi ilə tanış olublar. Layihənin son günü proqram iştirakçıları ilə görüşən Azərbaycanın Hindistandakı fövqəladə və səlahiyyətli səfiri Elçin Hüseynli layihənın əhəmiyyəti və faydası ilə bağlı yüksək fikirdə olduğunu vurğulayaraq, bu proyektin davamlı olmasında öz dəstəyini əsirgəməyəcəyini bildirib. Məktəbin direktoru Dr Alka Kapur Azərbaycandan gələn müəllimləri  səmimi və  qonaqpərvərliklə qarşılayıb, layihənin əhəmiyyətindən danışıb,  şagirdlər və müəllimlər üçün həm pedaqoji, həm də mədəniyyət mübadiləsi baxımından faydalı olduğunu qeyd edib.