XƏBƏRLƏR

Fevralın 18-də Azərbaycan Dillər Universitetində rektoryanı şuranın növbəti iclası keçirilib

18 fevral, 2025

ADU-nun rektoru, akademik Kamal Abdulla növbəti akkreditasiya ilə bağlı tapşırıqlarını verib. Qeyd olunub ki, fənn proqramları və dil vərdişlərinin təkmilləşdirilməsi ilə bağlı məsələlər diqqət mərkəzində saxlanılmalıdır.

Bildirilib ki, müvafiq qurumların - fakültə, mərkəz və kafedraların üzərinə böyük məsuliyyət düşür. Qış imtahan sessiyasının uğurla başa çatdığını bildirən rektor yaz semestri ilə bağlı tədrisin ən yüksək səviyyədə aparılması ilə bağlı göstərişlər verib:

“Akkreditasiyanın nəticələri bizim işimizə verilən qiymətin göstəricisi olacaq. Bütün dərs otaqlarının kompüterləşməsi istiqamətində ciddi işlər aparılıb. Əsas binadakı dərs otaqları tamamilə kompüterlə təmin olunub. Təbriz küçəsində yerləşən tədris binasında kompüterləşmə işinin tezliklə yekunlaşacağı gözlənilir”.

Müzakirə zamanı bölgələrdə işləyən müəllimlərlə, məzunlarla görüşlərin keçirilməsi, onların fəaliyyətinin diqqət mərkəzində saxlanılmasının vacibliyi diqqətə çatdırılıb.

Daha sonra kafedraların elmi fəaliyyəti müzakirə olunub. Qeyd edilib ki, Portsmouth universitetilə ikili diplom layihəsinin həyata keçirilməsi üçün müqavilə imzalanıb. Dekanlar fakültələrdəki mövcud vəziyyətlə bağlı hesabatlarla çıxış ediblər.

Daha sonra bildirilib ki, ADU-da Sanskrit dilinin tədrisinə başlanılıb.