Şagirdlər ADU-da ekskursiyada olublar

Şamaxı Hazırlıq Mərkəzinin müəllimi və bir qrup şagirdi üçün Azərbaycan Dillər Universitetinə (ADU) ekskursiya təşkil olunub.
Onlar əvvəlcə universitetin şəhid məzun və tələbələrinə həsr olunmuş auditoriyanı ziyarət edib, vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Şagirdlər universitetdə fəaliyyət göstərən mərkəzləri, muzeyi, kitabxananı, akt zalını, qiraət zalını və müxtəlif auditoriyaları gəzərək tədris prosesini yaxından izləyiblər.
Şagirdlər universitetin rektoru, akademik Kamal Abdulla ilə də görüşüblər.
Ekskursiya çərçivəsində ADU Tələbə Gənclər Təşkilatının (TGT) sədri Nicat Əliyev məktəblilərə universitet haqqında ətraflı məlumat verib, onlara fakültələr, ixtisaslar və tələbə həyatı barədə danışıb. ADU TGT sədri Nicat Əliyev, həmçinin məktəbliləri maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, ekskursiyanın məqsədi şagirdləri ali məktəb mühiti ilə yaxından tanış etmək və onlarda motivasiya hissini inkişaf etdirməkdir. Şagirdlərdən bir çoxu gələcəkdə ADU-da təhsil almaq arzusunda olduqlarını da bildiriblər.









