Elektron kabinetdən istifadə ilə bağlı təlimlər davam edir

Cari semestr üzrə kafedralarda elektron kabinetdən istifadə (giriş, qiymətlərin yazılması, sərbəst işlərin yüklənməsi, kollokvium ballarının yazılması və s.) ilə bağlı texniki xidmətə ehtiyacı olan professor müəllim heyəti üçün 11 fevral 2025-ci il tarixindən başlayaraq 3 (üç) gün müddətində Elektron qeydiyyat şöbəsi tərəfindən silsillə təlimlər təşkil olunur. Şöbə müdiri dos. Aygün Rüstəmzadə təlimi giriş sözü ilə açaraq, Azərbaycan Dillər Universitetinin 2021-2026-cı illəri əhatə edən Strateji inkişaf planında Strateji hədəflər və fəaliyyətlər hissəsində “Rəqəmsallaşma və maddi-texniki bazanın təkminləşdirilməsi” bölməsində qeyd olunan əsas məqamlardan biri də Azərbaycan Dillər Universitetinin “Elektron Univeristet” statusunu alması olduğunu söyləyib.
Aygün Rüstəmzadə qeyd edib ki, Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullanın 15.01.2024-сü il 5 saylı əmri ilə Elektron qeydiyyat şöbəsi yaradılmış və universitetin bütün müəllim və tələbə kontingentini əhatə edən tədrisin elektron idarəetmə sisteminə (eduman.adu.edu.az) keçilmişdir. 7500-dən çox tələbə, 1000-ə yaxın professor-müəllim heyətinin şəxsi elektron kabineti yaradılıb.
Şöbə müdiri qeyd edib ki, universitetin təlim-tədris sisteminin elektronlaşması istiqamətindəki işə məsuliyyətlə yanaşmağınız, kafedraya cəlb olunan yeni müəllimlər də daxil olmaqla, heyəti təlimlərə cəlb etməyiniz xahiş olunur.





















