Tələbə mübadilə proqramı çərçivəsində Türkiyədə təhsil alan tələbənin təəssüratları

2024/2025-ci tədris ilinin payız semestrində “Erasmus+” mübadilə proqramı çərçivəsində Hacettepe Universitetində təhsil alan Azərbaycan Dillər Universitetinin Alman dili müəllimliyi ixtisasının tələbəsi Xədicə İsmayıllının təəssüratlarını təqdim edirik:
“Erasmus+ proqramı çərçivəsində Hacettepe Universitetində bir semestr dərs almaq imkanı ilə bağlı elanı saytımızda görüb, qeyd olunan sənədləri toplayaraq müraciət etdim. Beləliklə, müsabiqədən uğurla keçərək, 2024-cü ilin sentyabr ayından yanvar ayına qədər Erasmus+ proqramı çərçivəsində Türkiyənin Ankara şəhərində yerləşən Hacettepe Universitetində bir semestr təhsil almaq hüququ qazandım. Bu təcrübə dörd illik universitet həyatımın ən dəyərli və unudulmaz anlarından biri oldu. Oradakı dərs mühiti, tanış olduğum yeni insanlar və qazandığım biliklər mənə geniş dünyagörüşü və yeni perspektivlər qazandırdı. Tədris müddətində 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanın Ankaradakı səfirliyinin təşkil etdiyi tədbirdə iştirak etmişəm. Burada hər iki ölkənin – Azərbaycanın və Türkiyənin möhkəm qardaşlıq bağlarına və bir-birinə verdiyi dəstəyə bir daha şahid oldum. Mən möhtəşəm tədbirdən qürur və fəxarət hissi ilə ayrıldım. Bu unudulmaz gün mənim üçün həm milli qürurun bir təzahürü, həm də iki qardaş ölkənin birliyinin parlaq bir simvolu oldu.
Ümumiyyətlə, bu beynəlxalq təcrübələr mənə yalnız akademik biliklər deyil, həm də fərqli mədəniyyətlərdə işləmək və öyrənmək bacarıqları qazandırdı. Bu yol mənim gələcək karyerama daha inamlı addımlamağım üçün möhkəm bir zəmin yaratdı.
Orada- Hacettepe Universitetində də bizim universitetimizdə olduğu kimi tələbələr öz ixtisaslarına uyğun olaraq cəmiyyətlər (topluluklar) yaradıblar. Bu cəmiyyətlər yeni tələbələrə fərqli sahələrdə maraq qazandıraraq, onların gələcəyi üçün dəyərli təcrübələr əldə etməsinə kömək edir. Mən də həm zamanımı səmərəli keçirmək, həm də süni intellektə olan marağımı inkişaf etdirmək məqsədilə Süni İntellekt (Yapay Zeka) cəmiyyətinin üzvi oldum. Bu cəmiyyət mənə çox şey qazandırdı. Orada mən “Media Tanıtım” qrupunun bir üzvü kimi fəaliyyət göstərirdim. Keçirdiyimiz tədbirlərin çəkilişlərində iştirak edir, bayramlar və xüsusi günlər üçün sosial şəbəkələrdə paylaşılacaq postlar üçün şəkillər hazırlayırdım. Qrupumuz əslində bir ailə kimi idi – hər bir layihədə bir-birimizə dəstək olur, birlikdə öyrənir və inkişaf edirdik. Bu mənim üçün böyük təcrübə oldu. Həm komanda işi bacarıqlarımı, həm də media və dizayn sahəsində biliklərimi artırdı.
Mən ADU tələbələrinə tövsiyə edirəm ki, onlar da dərslərinə səylə çalışaraq, universitetimizin təşkil etdiyi bu cür proqramlarda yaxından iştirak edib, yeni bilik və təcrübə qazansınlar .
Bundan əlavə, onu da qeyd etmək istəyirəm ki, universitetimizin mənə verdiyi təhsilin nəticəsi olaraq, Hacettepe Universitetində də davam etdiyim semestri əla qiymətlərlə başa vurdum”.





