Azərbaycan Dillər Universiteti və Böyük Britaniyanın Portsmouth Universiteti Arasında 1+1 İkili Diplom Proqramı İmzalanıb

Azərbaycan Dillər Universiteti (ADU) beynəlxalq əməkdaşlıq çərçivəsində Böyük Britaniyanın Portsmouth Universiteti ilə magistratura səviyyəsində 1+1 ikili diplom proqramı yaradıb və imzalanma prosesini uğurla tamamlayıb.
Yeni ikili diplom proqramı ADU magistrantlarına təhsillərinin ilk ilini ADU-da, ikinci ilini isə Portsmouth Universitetində davam etdirmək və hər iki universitetin diplomunu əldə etmək imkanı yaradır. Bu əməkdaşlıq tələbələrə beynəlxalq akademik mühitdə təhsil almaq, bilik və bacarıqlarını inkişaf etdirmək, eləcə də qlobal əmək bazarında daha rəqabətqabiliyyətli olmaq üçün geniş perspektivlər açır.
Bu tərəfdaşlıq ADU-nun beynəlxalq əlaqələrinin inkişafı və tədris keyfiyyətinin artırılması istiqamətində atılmış mühüm addımlardan biridir. Universitet gələcəkdə də beynəlxalq ali təhsil müəssisələri ilə əməkdaşlığını genişləndirməkdə davam edəcək.