XƏBƏRLƏR

“Kəndimizə qayıdırq” adlı kitabın təqdimatı keçirilib

10 fevral, 2025

Azərbaycan Dillər Universitetinin Təhsildə Xarici dillər kafedrasının professoru Əsgər Zeynalovun və filologiya üzrə fəlsəfə doktoru Zeynəb Qasımovanın həmmüəllif olduqları “Kəndimizə qayıdırq” adlı kitabın Nərimanov rayonu Azad Hümbətov adına 291 saylı Ekologiya Liseyində təqdimat mərasimi keçirilib.

Təqdimatda Azərbaycan Milli Məclisinin deputatı, siyasi elmlər doktoru professor Hikmət Babaoğlu, Nərimanov rayon YAP-nın sədri Elçin Quliyev, Nərimanov rayon Ağsaqqallar şurasının sədri, VMQ şəhid Azad Hümbətovun atası Arif Hümbətov, BŞTİ-nin eksperti, Zəngəzurla bağlı araşdırmaların müəllifi Kamran Əsədov, Filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasir, Texnika elmləri üzrə fəlsəfə doktoru dosent Rəhilə Abdullayeva, tanınmış teleaparıcı Saleh Bağırov, VMQ Azad Hümbətov adına 291 saylı EL-nin direktoru filologiya üzrə fəlsəfə doktoru Arif Əsədov, EL-nin Azərbaycan dili, ədəbiyyat müəllimi Tamara Məmmədova və sözügedən kitabın redaktoru- AYB üzvü, hüquqşünas, jurnalist Hüseyn Xəzər kitab haqqında öz fikirlərini bildiriblər.

Kitabda Qərbi Azərbaycanın Zəngibasar mahalının Yuxarı Necili (Nizami) kəndinin tarixi, coğrafiyası, toponimləri, onun qədim oğuz türk mənşəli azərbaycanlı əhalisinin sosial tərkibi, tayfa, şəcərə mənsubiyyəti, mədəniyyəti, adət-ənənələri, əsas məşğuliyyəti, dini görüşləri, elmi nailiyyətləri, eyni zamanda həm 1941-45-ci illər Böyük Vətən  müharibəsi, həm də Qarabağ döyüşləri zamanı göstərdikləri şücaətlər də öz əksini tapır.

Təqdimatda, həmçinin DSMF Nərimanov rayonunun şöbə rəisi Cahandar Axundov, kitabın redaktoru Münəvvər Cabbarova, 291 saylı məktəbin müəllimləri və digər qonaqlar iştirak ediblər.