XƏBƏRLƏR

ADU-da Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib

09 yanvar, 2025

Yanvarın 9-da Azərbaycan Dillər Universitetində Elm və Təhsil Nazirliyinin yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Qeyd olunub ki, ADU ötən tədris ilində yeni uğurlara imza atıb, QS reytinqlər cədvəlində növbəti dəfə fərqlənməyi bacarıb. Bu göstərici müəllim və tələbələrin yüksək elmi-pedaqoji üstünlüyündən və tədris keyfiyyətinin nəticələrindən asılı olan bir məsələdir.

ADU-da elm və təhsil sahəsində həyata keçirilən layihələr, görülən işlərin əhəmiyyətindən danışan rektor müəllim və tələbələr üçün beynəlxalq təcrübəyə əsaslanaraq yaradılan şəraitdən və gələcək elmi əməkdaşlıq, tərəfdaşlıq imkanlarının mövcudluğundan söhbət açıb.

ADU bir sıra ilklərə imza ataraq, həm yerli, həm də beynəlxalq universitetlərin diqqətini çəkib. Belə ki, ADU-nun elmi-texniki bazası ən müasir  innovativ avadanlıqlarla təchiz olunmaqla tələbələr və müəllimlər üçün daha geniş imkanlar təqdim etmək məqsədini qarşıya qoyub. Universitetdə yaradılan elektron məlumat bazası  həm müəllimlərin, həm də tələbələrin bilik və bacarıqlarının inkişafına öz müsbət təsirini göstərməkdədir.

ADU-da “Bir günlük xəlifə”, “Səfir saatı”, Beynəlxalq mərkəzlərin yaradılması, məzunlarla regionlarda görüş kimi layihələrin əhəmiyyəti vurğulanıb:

“Ötən il ADU tələbə qəbulunda universitet tarixində ən yüksək göstərici ilə 99.9 faiz qəbulla rekorda imza atıb. Bu sevindirici haldır. Bu nəticə cəmiyyətin ADU-ya münasibətinin və marağının ən bariz nümunəsidir. Demək, biz doğru yoldayıq. Bu yolda həm müəllimlərimizin, həm də tələbələrimizin böyük əməyi var. ADU-da iyirmidən çox xarici dil tədris olunur. Bu dillər sırasında Sanskrit dilini xüsusi ilə qeyd etmək istərdim. Tələbələrimizin bu qədim dilə marağı böyükdür. Həmçinin dünyanın bir sıra ölkələrində  - Pakistanda, Çində, Rusiyada, Belarusda, Rumıniyada, Serbiyada, Macarıstanda və Çeçenistanda bizi təmsil edən mərkəzlərimiz var. Bu nümayəndəliklər Azərbaycan dili və mədəniyyəti mərkəzi kimi fəaliyyət göstərərək, həm Azərbaycanı uğurla təmsil etmiş olur, həm də universitetimizin nüfuzunu artırır”.

ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, millət vəkili Tamam Cəfərova universitetdə yaradılan şərait, mövcud imkanlar və layihələr barəsində ətraflı məlumat veriblər. 

Qeyd olunub ki, elm və təhsil siyasətinin həyata keçirilməsində İctimai Şuranın cəmiyyət və universitetlər arasında dialoqun qurulmasında mühüm rolu var. Bu mənada şuranın aktiv fəaliyyətinə xüsusi ehtiyacın olması vurğulanıb.

Daha sonra çıxış edən İctimai Şura üzvləri - professor Hikmət Əlizadə, Mirzə Cəfərzadə, Günay Ələkbərova, Orxan Kərimzadə, Heydər Eminli, Elçin Əzimli, Sevinc Məhəməliyeva ADU-da yaradılan şəraitə görə rəhbərliyə və kollektivə təşəkkürlərini bildiriblər.

ADU məzunları əmək bazarında rəqabətə davamlılığı və yüksək peşəkar kadr potensialı ilə fərqlənməyi bacaran ali təhsil müəssisələrindən biridir. Bu da universitetin tədris keyfiyyətinin yüksək olmasından, düzgün təhsil strategiyasının qurulmasından xəbər verir.

Görüş suallar ətrafında müzakirələrlə davam edib.