COP29 çərçivəsində dəyirmi masa keçirilib

Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin nəzdində Diplomatik xarici dillər kafedrasının ibri dili üzrə baş müəllimləri Emiliya Xudiyeva, Günay Səfərova və İsrailşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə COP29 çərçivəsində “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi (İsrail)” adlı dəyirmi masa keçirilib.
Dəyirmi masada hər il fərqli ölkənin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının ilk tədbirinin 1995-ci ilin martında Berlində, sonuncusunun, yəni 28-ci sessiyasının (COP28) isə 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilməsi haqqında, eləcə də bu il böyük tədbirə Azərbaycanın ev sahibliyi etməsi haqqında önəmli məsələlər müzakirə olunub.
Dəyirmi masada Azərbaycanda ətraf mühitin mühafizəsi və iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması məsələlərinə xüsusi önəm verməsi və bu istiqamətdə mühüm işlər görməsi diqqətə çatdırılıb.
COP 29 çərçivəsində Azərbaycana dünyanın bir çox ölkələrindən nümayəndələrin gəldiyi, eləcə də İsrailin bu tədbirdə yaxından iştirak etdiyi qeyd olunub.
Dəyirmi masada İsrailin ətraf mühit sahəsindəki əldə etdiyi nailiyyətlər, xüsusilə su təmizləmə və enerji texnologiyaları sahəsindəki uğurlu inkişafı da beynəlxalq tədbirin keçirməsinə potensial şərait yaratdığı nəzərə çatdırılıb.
İsraildə yaşıllaşdırma siyasətinin inkişafı ilə bağlı təqdimat nümayiş edən tələbələr orada hər il qeyd olunan və “Ağacların yeni ili” olaraq tanınan Tu Bişvat bayramı haqqında məlumat verərək, bu bayramın yəhudi təqvimində, xüsusən İsraildə əhəmiyyətli bir təbiət və əkinçilik bayramı olmasını, yəhudi təqvimi üzrə Şevat (Fevral) ayının 15-də qeyd olunduğunu vurğulayıblar. Onlar bayramın, məhz təbiətə, ağaclara və bitkilərə hörmət göstərmək, həmçinin ətraf mühitin qorunmasına diqqət çəkmək məqsədi daşıdığını da diqqətə çatdırıblar. Sonda isə tələbələri maraqlandıran suallar cavablandırılıb.









