XƏBƏRLƏR

Tyutorlarla görüş keçirilib

29 dekabr, 2024

Azərbaycan Dillər Universitetində Tədris məsələləri üzrə prorektor v.i.e dos. Şəfəq Şahməmmədova və Keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri dos. Fatma Qurbanzadə silsilə görüşlərin davamı olaraq tyutorlarla görüşüb.  

Görüşün məqsədi “Ali təhsil müəssisələrinin institusional akkreditasiyası”nın keçirilməsinə dair Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən təsdiq edilən qrafikə əsasən 2025-ci ilin aprel ayında  nəzərdə tutulan Azərbaycan Dillər Universitetinin akkreditasiya prosesinə hazırlıq işlərinin vəziyyəti, 2024-2025-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasına hazırlıq prosesi və tyutorların fəaliyyət planında öz əksini tapan digər məsələlər olub. 

Ş.Şahməmmədova qeyd edib ki, akkreditasiya prosesinə hazırlıqlar artıq başlayıb.  Fəaliyyətin səmərəli təşkil olunmasına dəstək məqsədilə bir sıra görüşlərin keçirilməsi labüddür.

 Akkreditasiya prosesinə hazırlıq mərhələsində tyutorların rolunu xüsusi vurğulayan Ş.Şahməmmədova tələbələrin tədris prosesinə cəlb olunması, fərdi tədris planlarının hazırlanması, akademik borcu yaranan tələbələrin uyğun kreditlərin götürülməsi prosesinin vacibliyini bir daha xatırlatmışdır.  

 Keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri dos. F.Qurbanzadə keçən həftə keçirilən təlimin nəticələrinin təhlili bağlı çıxış edərək, tyutor xidmətinin universitetinin əsas struktur bölmələrindən biri kimi tələbə ilə münasibətdə mühum və qabaqcıl rol oynadığını bir daha nəzərə çatdırıb.

Daha operativ və əlçatan bir əməkdaşlıq, yarana biləcək hər hansı bir sualı dərhal cavablandırmaq üçün universitetin tyutorlarından ibarət qrupların yaradılması və xidmətin keyfiyyətinin ölçülməsi məqsədilə aylıq hesabatların verilməsi haqqında qərar qəbul olunub.