XƏBƏRLƏR

Azərbaycanın maddi-mədəni irsinə qarşı erməni vandalizminə həsr olunmuş dəyirmi masa keçirilib

20 dekabr, 2024

Azərbaycan Dillər Universitetində Multikulturalizm Mərkəzi, YAP ilk ərazi təşkilatı və “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə Multikulturalizm Mərkəzində “İşğaldan azad olunmuş Azərbaycan torpaqlarında mədəni abidələrə və dini ibadətgahlara qarşı törədilmiş erməni vandalizmi” mövzusunda dəyirmi masa keçirilib.

Multikulturalizm Mərkəzinin müdiri Loğman Rəşidzadənin moderatorluğu ilə baş tutmuş dəyirmi masada Qarabağın düzən və dağlıq hissəsində mövcud maddi-mədəniyyət abidələrindən, dini ibadətgahlardan geniş söz açılıb, onların yaranması, əsrlər boyunca mövcud tarixi şəraitlərdə qorunub saxlanılması, bu istiqamətdə xalqımızın göstərdiyi çabalar ətrafında geniş diskussiyalar aparılıb. 

Məruzə və çıxışlarda Qarabağın düzən və dağlıq hissəsində aşkar edilmiş qədim daş abidələrdən – Xocalıda, Xankəndində və başqa ərazilərdə antik dövrə aid daş qutu qəbirlərdən, sərdabələrdən və digər maddi-mədəniyyət nümunələrinin bugünümüzə qədər qorunub saxlanılmasından söz açılıb, bu maddi-mədəniyyət nümunələrində xalqımızın milli gələnəklərinin qorunub saxlanılması qeyd edilib.

Bildirilib ki, bütün Azərbaycan ərazisində Manna, Midiya, Skif, Atropatena dövlətləri sırasında e.ə. IV-III minilliklərin qovuşağında Qafqaz Albaniyası dövləti meydana gəlib. Albaniyanı idarə edən Arşakilər sülaləsinin hakimiyyəti dövründə çoxlu maddi-mədəniyyət abidələri, dini ibadətgah yerləri inşa edilib. Həmin abidələrin izləri günümüzə qədər gəlib çatıb. Lakin, təəssüf ki, ermənilər işğal dövründə və ondan əvvəlki illərdə həmin abidələrdən tarixi alban izlərini silməyə cəhd göstərib, onların üzərində müxtəlif əməliyyatlar aparıb, bu nümunələri, bir növ erməniləşdirməyə çalışmışıb. Gəncəsər (Qanzasar), Amaras, Yelisey, Xotavəng və başqa albanlara məxsus xristian abidələrinin izləri silinib erməniləşdirilib. Çıxışlarda bu məsələ yetərincə qabardılıb.

Qarabağ ərazisində müxtəlif dinlər mövcud olub. Bu dinlərin hər birinin izləri müxtəlif abidələrdə yaşayır. Qarabağın dağlıq hissəsində Amaras, Ağdamda Govurqala, Kəlbəcərdə Xotavəng, Laçında Ağoğlan alban-xristian kilsələrinin erməni vandalizminin qurbanı olması dəyirmi masada geniş diskusiya doğurub.

İslamın qəbulundan sonra Qarabağda məscidlər, övliyaların türbələrinin inşası geniş vüsət alıb. Füzuli bölgəsində Şeyx Yaqub Türbəsi (XII əsr), Qoç Əhmədli cümə məscidi, Hacı Ələsgər məscidi, Əhmədallar kəndində Şeyx İbrahim Türbəsi (XVII əsr), Horadiz kəndində cümə məscidi, Əskəran qalası, Cəbrayılda Qız qalası, Ağdam Cümə məscidi (XIX əsr) Tərtər çayı üzərində 12 tağlı körpü (XIV əsr) və s. islam mədəniyyəti nümunələridir. İşğal dövründə həmin abidələrdə bu və ya digər şəkildə erməni vandalizmiylə üz-üzə qalıb.

Dəyirmi masada mövzu ətrafında çıxış edən universitet YAP ilk təşkilatının sədri tarix üzrə fəlsəfə doktoru dos. Qorxmaz Mustafayev, AMEA-nın Arxeologiya və Antropologiya İnstitututunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Pərviz Qasımov, Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı prof. İbrahim Kazımbəyli fikirlərində erməni vandalizminin müxtəlif nüanslarını ön plana çıxarıblar.

Dəyirmi masa geniş müzakirələr və canlı diskussiyalarla yekunlaşıb.