ADU-nun müəllimləri Buxarest Universitetində müəllim mübadilə proqramında iştirak ediblər

Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələri çox genişdir. Dünyanın bir sıra ölkələri ilə birgə elm və təhsil sahəsində əməkdaşlıq haqqında müqavilələri olan ADU-nun əməkdaşları eyni zamanda ERASMUS + müəllim mobilliyi layihəsində də öz yerini tutur. ADU-nun daha iki müəllimi Buxarest Universitetində müəllim mübadilə proqramında iştirak edib. Eyni zamanda Buxarest Universitetinin əməkdaşları ilə əvvəldən aparılmış danışıqlar və birgə elmi araşdırmanın nəticələri olan birgə Jurnalın da təqdimatı eyni vaxtda keçirilib.
Rumıniyanın Buxarest Universitetinin professor müəllim heyəti ilə ADU-nun professor –müəllim heyətinin birgə elmi tədqiqatı nəticəsində Rumıniyanın Tarixi Parlament Sarayı Muzeyinin iki ildə bir dəfə çıxan daimi elmi dövrü mətbuat orqanı olan “ Şəhər Antropologiyası” Jurnalının Avropa ilə Asiyanın mədəni sərhədi: Qafqazda Antropoloji tədqiqatlar rubrikası altında 2024-cü il üçün çıxan 23 –cü nömrəsi bilavasitə Cənubi Qafqazda yaşayan xalqların maddi və mənəvi mədəniyyətinə həsr edilmişdir. Jurnalın bu nömrəsi Rumıniya Buxarest Universitetinin Ədəbiyyat fakültəsi, Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsi və ADU –nun Rumın dili və Mədəniyyəti Mərkəzi və Şota Rustaveli adına Batumi Universitetinin birgə əməkdaşlığı və alimlərinin elmi tədqiqatı nəticəsində ərsəyə gəlib.
4 dekabr 2024-сü il tarixində Rumıniya Parlament Sarayında Rumıniya Parlamentinin deputatları, Rumıniyanın Azərbaycandakı keçmiş səfiri Daniel Kristian Ciobanu, Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov, Batumi Universitetinin nümayəndələri, Buxarest Universitetinin Ədəbiyyat fakültəsinin dekanı Kristina Boqdan, həmin fakültənin Anptropologiya kafedrasının professoru və “ Şəhər Antropologiyası” Jurnalının redaktor katibi prof. Katalin Konstantin, Jurnalın baş redaktoru Adrian Majuri, ADU-nun Rumın dili və Mədəniyyəti Mərkəzinin ilk müdiri vəzifəsində işləmiş İozefina Blazani -Batto, ADU-nun Beynəlxaqlq Münasibətlər və Regionşünaslıq fakültəsinin Qərb Ölkələri üzrə Regionşünaslıq kafedrasının müdiri prof.Sevdagül Əliyeva, Xarici dillər kafedrasının dosenti Salman Nuriyev, Fəlsəfə və İctimai Elmlər kafedrasının prof.Şəfəq, dos.Şükufə Cabarova və jurnalın məsul işçilərinin iştirakı ilə təqdimat mərasimi keçirilib.
“Şəhər Antropologiyası” Jurnalının redaktorunun katibi, prof. Katalin Konstantin tədbiri giriş sözü ilə açıb. Rumıniyalı tədqiqatçı bir neçə dəfə Azərbaycanda olduğunu təbiətin qoynunda gözəl yerlərdə yerləşən yaşayış məskənləri haqqında slayd şou göstərərək, iştirakçıları Azərbaycanın ecazkar təbiəti və yaşayış yerləri ilə tanış edib. Tədqiqatçı dünyanın digər yerlərində az rast gəlinən, yüksək dağ kəndi olan Xınalıq kəndinin əhalisinin evlərinin quruluşu, məşğuliyyət sahələri haqqında ətraflı məlumat verib. Azərbaycan Respublikasının Rumıniyadakı səfiri Qüdsi Osmanov Azərbaycanın Qərblə Şərq arasında bir sərhəd, keçid olması və hər iki regiona uyğun xüsusiyyətləri olduğunu bildirdi, Azərbaycan Rumıniya münasibətlərindən danışıb.
Azərbaycan Dillər Universitetinin Rumın Dili və Mədəniyyəti mərkəzi elm və təhsil sahəsində Rumıniya universitetləri ilə əlaqələrin qurulmasına xüsusi diqqət yetirir. Bu Mərkəzin sabiq rəhbəri İozefina Blazani –Batto artıq öz ölkəsinə qayıtsa da, hələ də, bu əlaqələrin möhkəmlənməsi istiqamətində fəaliyyət göstərir. İozefina xanım “ Şəhər Antropologiyası” Jurnalında “Müasir teatra akad. Kamal Abdullanın mühüm töhfəsi” adlı bir xülasə yazmışdır. Xülasədə İozefina xanım akad. Kamal Abdullanın “ Bir, iki bizimki” pyesinin üç dildə nəşr olunmasını, rumın tamaşaçılarına Azərbaycan teatr yaradıcılığının xüsusiyyətləri haqqında təsəvvür yaratmasını təşviq edir.
“ Şəhər Antropologiyası” Jurnalında ADU –nun professor müəllim heyətindən Qərb Ölkələri üzrə Regionşünaslıq kafedrasının müdiri prof.S. Əliyevanın, həmin kafedranın baş müəllimi Firuzə Həyatovanın, Servinc Qurbanovanın, Elşən İsayevin, Şərq Ölkələri üzrə Regionşünaslıq kafededrasının müəllimi Aygün Soltanzadə və Beynəlxalq Münasibətlər kafedrasının müəllimi Səkinə Niftəliyevanın məqalələri dərc edilib.
Tədbirdə ERASMUS + müəllim mobilliyi mübadilə proqramında iştirak edən ADU-nun Qərb Ölkələri üzrə Regionşünaslıq kafedrasının müdiri prof. S.Əliyeva və Xarıcı Dillər kafedrasının dosenti S. Nuriyev ingilis dilində “Tarixi İpək yolu və Azərbaycanda ipəkçiliyin və ticarətin inkişafı” adlı mövzunu iştirakçılara təqdim etdilər. Müasir dövrdə “Bir yol bir kəmər” layihəsinin əhəmiyyətindən bəhs edən müəllimlərimiz İpək yolunun müasir dövrdə yeni səviyyədə bərpasından danışıblar. Tədbir Azərbaycanın Rumıniyadakı səfliyinin hazırladığı sərgi və furşet ilə başa çatıb.



