XƏBƏRLƏR

“Azərbaycanda və Türkiyədə dövlət-din münasibətləri” adlı tədbir keçirilib

19 dekabr, 2024

Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin Şərq üzrə regionşünaslıq kafedrasının təşkilatçılığı və kafedranın baş müəllimi Fidan Ələsgərovanın təşəbbüsü ilə “Azərbaycanda və Türkiyədə dövlət-din münasibətləri” adlı tədbir keçirilib.

Açılış nitqi ilə tədbirin moderatoru BMR fakültəsinin dekanı, prof. İbrahim Kazımbəyli çıxış edib.

Şərq ölkələri üzrə regionşünaslıq kafedrasının dosenti, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov “Azərbaycan Respublikasında dövlət-din münasibətləri” mövzusunda çıxış edib. O, çıxışında mərhələlərlə Azərbaycanda dinlər, islamın Azərbaycanda yayılması, Çar Rusiyası, Xalq Cümhuriyyəti, Sovet İmperiyası və Müstəqil Azərbaycan Respublikası dövründə Azərbaycanda din siyasətini, statistik məlumatları və uğurlu din siyasətinin həyata keçirilməsində ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz rolunu vurğulayıb.
Türkiyə Respublikasında dövlət-din münasibətləri mövzusunda çıxış edən Fidan Ələsgərova, Türkiyə Respublikası yaranmasından, yəni M.K. Atatürkün hakimiyyəti illərindən başlayaraq hazırkı dövrədək Türkiyədə dövlət-din münasibətlərini, bu münasibətlərin inkişafında rol oynayan qurumları, ibadətgah və məbədlərin fəaliyyət istiqamətlərini vurğulayıb.
Türkiyəşünaslıq ixtisası üzrə təhsil alan 381-ci qrup tələbələrindən Eldar Əlizadə “Türkiyədə dini tolerantlıq” mövzusunda çıxış edərək, Osmanlı İmperiyası və Atatürkün hakimiyyəti dövründə, eləcə də hazırkı dövrdə Türkiyədə dini tolerantlıq ənənələrindən bəhs edib. 381-ci qrup tələbələrindən Zeynəb Qasımova isə “Azərbaycanda dini tolerantlıq” mövzusunda çıxış edərək, Azərbaycanda yaşayan dini azlıqlara münasibətdə tətbiq olunan tolerant dövlət siyasətinə, ümummilli liderimiz Heydər Əliyev və cənab Prezident İlham Əliyevin bu sahədə gördüyü işlərə, həmçinin imzalanmış beynəlxalq sənədlərə toxunub. 381-ci qrup tələbələrindən Sara Məmmədova “Türkiyədə dini təriqətlər” mövzusunda çıxış edərək, Türkiyədəki islam dininə mənsub təriqətlərdən nəqşibəndilik, məvləvilik və ələviliyin tarixi məskunlaşması, prinsipləri, ibadətləri və adət-ənənələri haqqında məlumat verib.
Çıxışçıların hər birinə öz dərin təşəkkürünü və dəyərli fikirlərini bildirən professor İbrahim Kazımbəyli dinə münasibətin milli kimliyə münasibət kimi qəbul edilməsinin dövlətçiliyin əsasını təşkil edən əsas faktorlardan biri olduğunu qeyd edib. Həmçinin, əlavə edib ki, tələbələrin belə aktual mövzuda tribuna arxasından aydın, səlis və maraqlı çıxışları təqdirəlayiqdir. Bu cür mövzularda dəyirmi masaların təşkil olunmasının vacibliyini, dini dəyərləri doğru istiqamətdə dərk etmənin əsas çıxış yolunun mütaliə olduğunu və gənclərin məhz elmi istiqamətə yönəlmələrinin önəmini vurğulayıb. Tədbir verilən sualların cavablandırılması ilə yekunlaşıb.