“Azərbaycanda əmək bazarı çağırışları və gələcəyə baxış” mövzusunda dəyirmi masa keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya fakültəsinin təşkilatçılığı ilə “Azərbaycanda əmək bazarı çağırışları və gələcəyə baxış” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri Filologiya fakültəsinin dekanı, professor Həmidə Əliyeva giriş sözü ilə açaraq, karyera planlaması və iş dünyasına hazırlıq mövzularında tələbələri məlumatlandırıb. O, tələbələrin cəmiyyətdə fəal vətəndaş olmağa, gələcəkdə karyera qurmağa hazırlanmaları, şəxsiyyət kimi inkişaf etmələrinə töhfə verilməsi, müasir və geniş biliklər bazasının yaradılması, tədqiqat və innovasiyaların stimullaşdırılması prosesinin əhəmiyyətindən danışıb. Həmçinin, Filologiya fakültəsini bitirən tələbələrin yerli və xarici əmək bazarında işlə təmin olunmasının fakültənin strateji hədəflərindən biri olduğunu vurğulayıb.
Tədbirdə Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının Layihələr və Monitorinq şöbəsinin əməkdaşı Jalə Bənnayeva, Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası, İctimai-Siyasi Xəbərlər Departamentinin redaktoru Aygün Rəhimova, Kulis.az saytının baş redaktoru Akif Ulucay, Simsar.az saytının baş redaktoru Qismət Rüstəmov, ADU-nun Pedaqogika kafedrasının müdiri, Elmi Şura yanında Tələbələrlə iş və əmək bazarı komissiyasının sədri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nigar Zeynalova, Əlavə Təhsil, Təcrübə və Karyera şöbəsinin müdiri Nicat Aşurlu, Filologiya fakültəsi üzrə “Keyfiyyətin təminatı və fəaliyyət planının icrasına nəzarət komissiyası”nın üzvləri, kafedra müdirləri və fakültənin tələbələri iştirak ediblər.
Görüşdə ixtisasdan asılı olaraq və ya olmayaraq tələbələrin düzgün peşə seçimi, fərdi və karyerada inkişaf metodları, karyera planlaması, əmək bazarının tələbləri və araşdırılması, iş seçimi zamanı diqqət yetirilməli olan nüanslar, müsahibəyə hazırlıq, CV və istək məktubunun hazırlanması mövzularına toxunulub. Tələbələrə bu istiqamətdə faydalı məsləhətlər verilib. Qeyd olunub ki, dünyada və ölkəmizdə əmək bazarının tələbləri mütəmadi olaraq dəyişir və yeni çağırışlar formalaşır. Bu isə işaxtaranlardan daim öz üzərində çalışmalarını və yeni əmək vərdişləri qazanmalarını tələb edir.
Tədbir zamanı tələbələrin irad və təklifləri dinlənilib, onları maraqlandıran suallar ətrafında maraqlı müzakirələr aparılıb.







