Özbəkistan Dövlət Dünya Dilləri Universitetinin nümayəndələri ADU-da olublar

9 – 14 dekabr tarixlərində Özbəkistan Dövlət Dünya Dilləri Universitetinin (DDDU) Pedaqogika və psixologiya kafedrasının müdiri, prof. Juraev Dusmurod Uraloviçin başçılığı ilə kafedranın professoru Nilufar İsakulova, dos. Jumaniyazova Mukhayo Tojievna, dos. Anzhim Shamshetova, dos. Jumaev Axmamat Shermamatoviç ixtisas artırılma məqsədi ilə Azərbaycan Dillər Universitetində (ADU) səfərdə olublar.
10 dekabr tarixində DDU-dən ADU-ya gələn nümayəndə heyəti ilə Beynəlxalq əlaqələr üzrə prorektor dos.Jalə Qəribovanın keçirdiyi görüşdə universitetlərarası əlaqələrin genişləməsi, Dünya Dilləri Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılması və universitetdə Azərbaycan dilinin ikinci xarici dil kimi tədrisi, o cümlədən analoji mərkəzin ADU-da açılması təklifi bildirilib, bundan əlavə, qarşılıqlı layihələrin yazılması, elmi rəhbərlərin təyin olunması, elmi məqalələrin yazılması, birgə simpozium və konfransların təşkili ilə bağlı mövzular ətrafında müzakirələr aparılıb.
Sonra Təhsil fakültəsində olan qonaqların ilk öncə fakültə dekanı prof. Hikmət Əlizadə ilə görüşü olub. Kafedra müdirlərinin də iştirak etdiyi bu görüşdə qonaqların görəcəyi işlər planlaşdırılıb. Görüş zamanı hər iki ölkənin universitetləri arasındakı sıx əməkdaşlıqdan, gələcəkdə həyata keçirilməsi planlaşdırılan mübadilə proqramlarından, münasibətlərin inkişaf etdirilməsindən bəhs edilib.
Özbəkistan Dövlət Dillər Universitetinin professor-müəllim heyətinin dörd əməkdaşı və kafedra müdiri ilə ADU-nun Təhsil fakültəsinin nəzdində fəaliyyət göstərən kafedraların müdirləri– Pedaqogika kafedrasının müdiri dos.Nigar Zeynalova, Təhsildə Xarici dillər kafedrasının müdiri dos. Aidə Sobor, Psixologiya kafedrasının müdiri dos. Ceyhun Alıyev və Rus dili və ədəbiyyatı kafedrasının müdiri dos. Məmməd Əliyev ilə görüş həyata keçirilib.
Daha sonra onlar Pedaqogika və Psixologiya kafedralarında müəllimlər ilə görüşüb, fikir mübadiləsi aparıb, müxtəlif müəllimlərin dərslərində iştirak ediblər.
Pedaqogika kafedrasının müdiri dos. Nigar Zeynalova ilə görüşdə müxtəlif layihələr müzakirə olunub. Əməkdaşlıq çərçivəsində təlim və konfransların keçirilməsi, birgə dərsliklərin, müəllimlər üçün metodik vəsaitlərin hazırlanması nəzərdə tutulub. Pedaqogika kafedrasının təşkilatçılığı ilə nümayəndə heyəti Bakıda fəaliyyət göstərən Autizm Mərkəzini ziyarət ediblər. Orada həyata keçirilən işlərlə bağlı məlumat alan heyət məmnunluğunu bildiriblər.
Bununla yanaşı, qonaqlar Pedaqogika kafedrasının nəzdində olan İnklüziv Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış olublar.
Təhsildə Xarici dillər kafedrasının müdiri Aidə Sobor ilə olan görüşdə kafedranın Almaniya universitetləri ilə birgə təşkil etdiyi layihələr- “Almaniyanın İSBA Universiteti və ADU-nun Foundation və -ci sinif” layihəsi, “ECL imtahanlarının təşkili” layihələri qonaqların marağına səbəb olub.
Daha sonra dekabrın 13-də Özbəksitan Dövlət Dillər Universitetinin professor-müəllim heyəti Təhsildə Xarici dillər kafedrasının müdiri dos. Aidə Sobor ilə Bakının görməli və tarixi yerlərini gəzərək ölkəmizin milli-mənəvi dəyərləri sayılan tarixi abidələri və Dənizkənarı Milli Parkla tanış olublar. Görüşün sonunda qonaqlar Universitetimizin professor-müəllim heyətini Özbəkistana dəvət ediblər.
Psixologiya kafedrasının müdiri dos. Ceyhun Alıyev və kafedra əməkdaşları ilə keçirilən görüşdə Özbəkistan nümayəndə heyətinin üzvləri ilə universitetin həm bakalavr, həm də magistr pilləsi üzrə kadr hazırlığı, eləcə də kafedranın bu işlərdə yerinə yetirdiyi işlərlə bağlı fikir mübadiləsi aparıb, kafedra əməkdaşlarının elmi-pedaqoji fəaliyyət istqamətləri, çap olunmuş elmi əsərləri barədə məlumat verilib. Tərəflər arasında elmi və pedaqoji sahədə əməkdaşlığın istiqamətləri və formaları müzakirə edildi. Xüsusilə, həmmüəliflliklə dərslik və dərs vəsaitlərinin, elmi tədqiqat işlərinin, magistr və doktorantura səviyyəsində elmi tədqiqat işlərinə elmi rəhbərlik məsələlərilə bağlı əməkdaşlıqla bağlı razılıq əldə edilib.
Görüşdə qonaqlara hədiyyə olaraq kafedra əməkdaşlarının kitabları təqdim olunub.
Elmi əməkdaşlıqla bağlı artıq ilk addımlar atılıb. Bu istiqamətdə psixologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin iddiaçısının elmi tədqiqat işinə kafedranın dosenti Ceyhun Alıyev tərəfindən rəy verilib.
Tərəflər arasında 2025– ci ilin may ayında birgə konfransın keçirilməsi, eləcə də 2025 ci ilin oktyabr ayında Özbəkistanda keçirilməsi planlaşdırılan beynəlxalq konfransa dəvət məktubunun göndərilməsi ilə bağlı razılıq əldə olunub.
Görüşün sonunda nümayəndə heyətinin adından həm psixologiya elmləri doktoru Anjim Şamşetova qayğı və diqqətə, həm də təşkil olunan işgüzar və səmərəli görüşə görə universitetin rektoru akademik K.Abdullaya, fakültə dekanı və kafedra müdirlərinə dərin təşəkkürünü bildirib.
Dekanlıq və kafedra əməkdaşları qonaqları iş günündən sonra Bakı şəhəri ilə tanış ediblər.
Dekabr ayının 12-də ADU-nun rektoru akademik Kamal Abdulla qonaqları qəbul edib. Görüşdə Türküyənin Düzcə Universitetinin rektoru, prof. Nedim Sözbir də iştirak edib və üç universitetin iştirakı ilə beynəlxalq konfransın keçirilməsi qərara alınıb.
Sonuncu gün kafedra müdirlərinin iştirakı ilə qonaqların fakültə dekanı prof Hikmət Əlizadə ilə görüşü olub. Görüşdə ADU-nun rektoru akademik Kamal Abdullanın məsləhəti ilə iki universitet arasında əməkdaşlığın daha da möhkəmlənməsi üçün müəllim və tələbə mobilliyi, doktorantlara ikili rəhbərlik, birgə elmi tədqiqat işlərinin, o cümlədən qrant layihələrinin həyata keçirilməsi, birlikdə beynəlxalq konfranslar təşkil etmək, birgə dərslik və dərs vəsaitləri hazırlamaq, özbəkistanda Azərbaycan dili mərkəzinin yaradılması və s. işlərin həyata keçirilməsi planlaşdırılıb.



































