XƏBƏRLƏR

“COP29-un Azərbaycan üçün nəticələri və perspektivləri” mövzusunda tədbir keçirilib

17 dekabr, 2024

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin təşkilatçılığı ilə “COP29-un Azərbaycan üçün nəticələri və perspektivləri” mövzusunda tədbir keçirilib.

Açılış nitqi ilə çıxış edən fakültə dekanı professor İbrahim Kazımbəyli bildirib ki, dünya səviyyəli bu tədbirin Azərbaycanda keçirilməsi və dünyanın 196 ölkəsindən 72 min şəxsin, o cümlədən 80 ölkənin prezidenti, vitse prezidenti və ali hökümət nümayəndələrinin iştirak etməsi onu baykot etmək istəyənlərə ən yaxşı cavab oldu. Həm siyasi, həm iqtisadi, həm də mədəni baxımdan COP-29-un Azərbaycanda keçirilməsi əhəmiyyətli idi. Azərbaycan ərazi bütövlüyünü təmin etdikdən sonra yaranan yeni siyasi vəziyyətin qəbul olunması baxımından bu tədbir xüsusi önəmə sahib idi. Azərbaycan gerçəkliklərinin dünyaya çatdırılması baxımından da adıçəkilən tədbir  təqdirəlayiqdir.

Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Namiq Kərimov “Qlobal Şimal” və “Qlobal Cənub” qütbləşməsinin Bakı raundu: Azərbaycan və dünya üçün əhəmiyyəti mövzusunda danışaraq rəsmi Bakının COP-29 tədbirində qlobal geosiyasi dəyişikliklərlə qlobal iqlim dəyişiklikləri arasında ortaq məxrəc yarada bilməsini vurğulayıb.

 Fəlsəfə və ictimai elmlər kafedrasının baş müəllimi fəlsəfə üzrə fəlsəfə doktoru Günel Qarayeva isə “İqlim dəyişikliklərinin əsas təsirləri və Azərbaycanın ekosistemi: COP-29-da təşviq edilən tədbirlər mövzusunda çıxış edərək  qəbul olunmuş Bakı bəyannaməsi və Paris iqlim razılaşmasının VI maddəsinin  əhəmiyyətini qeyq edib.

Sonda müzakirələr aparılıb, tələbə və müəllimlərin sualları cavablandırılıb.