Düzce Universitetinin rektoru ADU-nun qonağı olub

Dekabrın 12-də Türkiyənin Düzce Universitetinin rektoru, professor Nedim Sözbir və universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sibel Bayram Azərbaycan Dillər Unuversitetinin (ADU) qonağı olub. Görüşdə Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla və universitetin digər rəhbər şəxsləri iştirak ediblər.
Akademik Kamal Abdulla qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan Dillər Universitetinin dünyanın bir çox xarici universitetləri ilə əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayan rektor bugünkü görüşün daha geniş əməkdaşlıq üçün böyük imkanlar açacağına, iki qardaş dövlət arasında mövcud münasibətlərin inkişafına müsbət təkan verəcəyinə əmin olduğunu bildirib.
Səmimi qarşılanmaya və qonaqpərvərliyə görə ADU rəhbərliyinə təşəkkürünü bildirən Düzce Universitetinin rektoru, professor Nedim Sözbir universitetdə olmaqdan məmnunluğunu ifadə edib. ADU ilə əməkdaşlığı yüksək qiymətləndirən qonaq iki ölkə arasında elmi əməkdaşlığın inkişafının perspektivlərini müzakirə edib. Qeyd olunub ki, Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də əməkdaşlıq yüksələn xəttlə inkişaf etməkdədir. Bu baxımdan, Azərbaycan Dillər Universiteti ilə olan sıx təmaslar ölkələrimiz arasında münasibətlərin inkişafına mühüm töhfə verir.
Daha sonra Türkiyənin Düzce Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Sənəd ADU-nun rektoru, akademik Kamal Abdulla və Düzce Universitetinin rektoru, professor Nedim Sözbir tərəfindən imzalanıb. Sənəddə ali təhsil müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsi, birgə tədqiqatların aparılması, tələbə və müəllim mübadiləsi, birgə akademik konfransların keçirilməsi və bir sıra başqa istiqamətlər üzrə qarşılıqlı maraq doğuran faydalı əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.









