ADU-da Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib

Dekabrın 12-də Azərbaycan Dillər Universitetində Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.
Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb:
“Bu gün hər birimiz Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini böyük sevgi və ehtiramla anırıq. Ulu Öndər Azərbaycanı parçalanmaqdan, bir dövlət kimi yox olmaq təhlükəsindən xilas etdi. Xalqımızın milli-mənəvi dəyərlərinin qarantı olan, bütün dövrlərdə onların qorunmasına çalışan Ulu Öndərin mədəniyyətimizin, elmimizin, təhsilimizin inkişafı üçün gördüyü işlər konkret nəticələr verdi. Bu gün Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev öz qətiyyəti, cəsarəti və müdrikliyi ilə bu böyük yolu uğurla davam etdirir. Müstəqil Azərbaycanımızın ərazi bütövlüyü Ulu Öndərin ideyalarını uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bərpa edilib, 30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşub. Bu gün biz qalib xalqın nümayəndələriyik. Qalib xalqın nümayəndələri kimi hər birimiz öz işimizdə mətanətlə, ləyaqətlə çalışıb, Azərbaycanın inkişafına təkan olmalıyıq”.
Tədbirdə çıxış edən Milli Məclisin üzvü Naqif Həmzəyev, Təhsil fakültəsinin dekanı Hikmət Əlizadə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün gördüyü çoxşaxəli fəaliyyətlərindən, həyata keçirdiyi layihələrdən, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsindəki xidmətlərindən danışıblar. Çıxışlarda natiqlər Azərbaycanın hərtərəfli tərəqqisi yolunda böyük tarixi xidmətlər göstərən, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr verən Ulu Öndər Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunələridən söz açıblar. Bildirilib ki, Azərbaycan tarixinə adını qızıl hərflərə yazdıran dahi lider Heydər Əliyev xalqın təkidilə yenidən siyasi hakimiyyətə qayıtmaqla, Azərbaycanı parçalanmaqdan, bir dövlət kimi yox olmaqdan xilas edib. Bütün varlığı ilə Vətənə və xalqına bağlı olan Ümummilli Lider Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə həsr edib.
Tədbir tələbələrin ifasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş bədii kompozisiya ilə yekunlaşıb.

































