XƏBƏRLƏR

“Narkomaniyaya yox deyək, sağlam gələcək quraq” mövzusunda tədbir keçirilib

10 dekabr, 2024

Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək, sağlam gələcək quraq” mövzusunda tədbir keçirilib.

 Tədbiri giriş sözü ilə açan fakültə dekanı professor İbrahim Kazımbəyli narkomaniyanın müasir dünyada sürətlə yayıldığı və demək olar ki, bütün sosial təbəqələri əhatə etdiyini qeyd edib. Dünya əhalisinin 5%-i və yaxud 250 milyon insanın bu bəladan əziyyət çəkdiyini bildirən İbrahim Kazımbəyli, həmçinin, ölkəmizdə narkomaniyaya qarşı mübarizə üçün Dövlət Proqramının qəbul edilməsinin əhəmiyyətindən danışıb.

Beynəlxalq Münasibətlə kafedrasının dosenti Mehriban Babaxanova narkomaniya ilə mübarizənin hüquqi əsaslarından danışaraq, bu istiqamətdə milli və beynəlxalq təcrübələri iştirakçılarla bölüşüb.

Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının baş müəllimi Yeganə Məmmədova  narkotik aslılığının insan sağlamlığına vurduğu zərərlərdən danışaraq bunu slaydlarla nümayiş etdirib.

 Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Namiq Kərimov müasir dünyada narkoticarətdən siyasi alət və kütləvi qırğın silahı kimi istifadə edildiyini bildirib.

Hələ XIX əsrdə Tiryək müharibələrinin mahiyyəti və onun davamı olaraq Əfqanıstanda tiryək plantasiyalarının salınmasının əsas səbəbləri iştirakçıların diqqətinə çatdırılıb.

 Sonda tələbə və müəllimlərin mövzu ilə bağlı sualları cavablandırılıb.