ADU-nun professoru beynəlxalq konfransda iştirak edib

Azərbaycan Dillər Universitetinin Fransız dili və Mədəniyyəti Mərkəzinin müdiri, Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasının professoru, filologiya elmləri doktoru Əsgər Zeynalov Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən “Türk dilli xalqların tarixi, elmi, mədəniyyəti, dili və ictimai-iqtisadi həmrəylik müstəqilliyi” mövzusunda beynəlxalq konfransda iştirak edib.
Konfrans Özbəkistan Turan Elmlər Akademiyası ilə Daşkənd İqtisadiyyat və Texnologiyaları Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.
Konfransda Özbəkistanla yanaşı Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Amerika Birləşmiş Ştatları, Tacikistan nümayəndə heyəti iştirak edib. Noyabrın 24-də Turan EA-nın yığıncağı keçirilib, Akademiyanın prezidenti Heydarbek Babekov görülmüş və görüləcək işlərdən danışıb, bu elm mərkəzinə seçilmiş akademiklərə diplom, medal və vəsiqə təqdim edib, təbrik edib və yaradıcılıq uğurları arzulayıb.
Müxtəlif türk respublika nümayəndələri arasında akademik adına layiq görülənlərdən biri də həmyerlimiz, professor Əsgər Zeynalov idi.
Noyabrın 25-də Daşkənd İqtiyadiyyat və Texnologiyaları Universitetində beynəlxalq konfransın açılışı olub. Açılışda Daşkənd İqtiyadiyyat və Texnologiyaları Universitetinin rektoru, siyasi fənlər üzrə fəlsəfə doktoru, dosent Ş. M. Mövlanov, tarix elmləri doktoru, professor, Turan Elmləri Akademiyasının prezidenti H. B. Babekov çıxış edərək, konfrans iştirakçılarını təbrik ediblər.
Azərbaycanlı alim, professor Əsgər Zeynalov konfransda “Hunların Atillası və Vinçinin Cokondası” mövzusunda geniş məruzə ilə çıxış edərək fransız qaynaqları əsasında maraqlı faktlar üzə çıxarıb. Tədqiqatçı alimin çıxışı orijinallığı ilə diqqəti cəlb edib, əcnəbi mütəxəsisislər tərəfindən yüksək qiymətləndirilib.
ADU-nun professoru Turan EA Nominqan filialının “Döş nişanı” ilə təltif olunub. Daşkəndin görməli yerləri ilə tanış olan professor bu şəhərdə yaşayıb yaratmış görkəmli azərbaycanlı ədib Maqsud Şeyxzadənin heykəlini də ziyarət edib.
Biz hörmətli professorumuzu təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.





