XƏBƏRLƏR

ADU-nun müəllimi Ərəb dili üzrə mühazirə keçib

29 noyabr, 2024

 Azərbaycan Dillər Universitetinin (ADU) Şeyx Zayed adına Ərəb Dili Auditoriyasının müdiri, Diplomatik xarici dillər kafedrasının fil.f.d.,baş müəllimi Ülviyyə Hüseynova Rusiya Xalqlar Dostluğu Universitetinin (RUDN) tələbələrinə ərəb dili üzrə mühazirə keçib.

Dərs, xüsusilə ərəb dilinin praktiki istifadəsini öyrənmək və bu dilin zəngin mədəniyyətinə olan marağı artırmaq məqsədilə təşkil edilib.
Mühazirəyə RUDN-un müxtəlif fakültələrinin tələbələri qatılıb.

Ülviyyə Hüseynova dərsin açılışında iştirakçılara ərəb dilinin qrammatikasından əlavə, danışıq bacarıqlarının inkişaf etdirilməsi üçün lazımi tövsiyələr və məsləhətlər verib. O, ərəb dilində düzgün ifadə tərzi və ünsiyyət qurma bacarıqlarının önəmini vurğulayaraq, tələbələrə daha sərbəst şəkildə dilin gündəlik həyatdakı tətbiq sahələrini öyrədib.

Mühazirə çərçivəsində Ülviyyə müəllimə, müxtəlif mövzular ətrafında müzakirələr apararaq, tələbələrin ərəb dilində sərbəst danışıq bacarıqlarını inkişaf etdirmək üçün müxtəlif interaktiv metodlardan istifadə edib. O, həmçinin ərəb dilinin qrammatik və leksik xüsusiyyətləri, dilin fərqli dialektləri və onların istifadə sahələri barədə ətraflı məlumat verib.

Tələbələr mühazirədə ərəb dilinin müxtəlif aspektlərini daha dərindən anlamaq imkanı əldə ediblər. Ülviyyə müəllimə, dilin yalnız bir ünsiyyət vasitəsi olmaqdan daha çox, mədəniyyətlərarası əlaqələri gücləndirən, xalqlar arasında dostluq və əməkdaşlığı artıran bir vasitə olduğunu qeyd edərək, tələbələrə dil öyrənməyin əhəmiyyətini bir daha xatırladıb.

Bu mühazirə, Rusiya Xalqlar Dostluğu Universitetində ərəb dilinə olan marağı daha da artırıb, həmçinin ərəb dili və mədəniyyəti ilə əlaqədar anlayışları genişləndirib. Tələbələr, bu cür dərslərin onların dil bacarıqlarını inkişaf etdirəcəyi və ərəb dünyasının zəngin mədəniyyəti ilə daha yaxından tanış olmalarına imkan yaradacağı barədə müsbət fikirlər səsləndiriblər.

Sonda Ülviyyə Hüseynova iştirakçılara gələcək dərslərdə ərəb dilinin digər aspektləri, xüsusilə yazı və oxu bacarıqlarının inkişaf etdirilməsi haqqında əlavə məlumat verəcəyini bildirib.