XƏBƏRLƏR

Qazaxıstanlı alimlərlə ADU-da görüş keçirilib

27 noyabr, 2024

25-26 noyabr tarixlərində Azərbaycan Dillər Universitetinə (ADU) Qazaxıstan Respublikasının A.Baytursınov adına Dilçilik İnstitutunun nümayəndə heyəti elmi səfər edib.

 Heyətə “Siyasi liderlər və dövlət xadimlərinin dili: XX əsrin əvvəlindəki Alaşorqa liderlərindən müstəqilliyə qədər” (IRN AP14872071) adlı layihənin rəhbəri, filologiya elmləri doktoru, professor Bağdan Kataaevna Mominova, Qrammatika şöbəsinin müdiri, elmlər namizədi Alfiyya Soltanbekova, PhD doktor Ümit Anesova və doktorant Talqat Ramazanov daxil idi.

 Səfərin məqsədi qrant layihəsi çərçivəsində əldə olunan elmi tədqiqat nəticələri ilə tanışlıq və Azərbaycan Respublikasında XX əsr siyasi lider və dilçilərinin dil xüsusiyyətləri istiqamətində araşdırılması olub.

Nümayəndə heyəti ilə birgə müxtəlif elmi və akademik görüşlər təşkil edilib.

 Səfərin ilk günü- 25 noyabr tarixində ADU-nun İngilis və Fransız dilləri fakültəsinin dekanı dosent Vəfa Babayeva, İngilis dilinin qrammatikası kafedrasının müdiri dosent Laləndar Ziyadova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Röya Əliyeva və qonaqların iştirakı ilə dəyirmi masa keçirilib.

Tədbirdə professor Bağdan Kataaevna Mominova İngilis dilinin qrammatikası kafedrasının professor-müəllim və tələbə heyətinə mühazirə oxuyub. Müzakirələr zamanı müasir dilçilik problemləri, əcnəbi dilin tədrisi zamanı qrammatikanın əhəmiyyəti, Qazaxıstanda tətbiq olunan tədris metodları, dərs vəsaitləri və fənn proqramları, eləcə də bu sahədə üzləşilən problemlər barədə fikir mübadiləsi aparılıb.

İkinci günü- 26 noyabr tarixində nümayəndə heyəti Beynəlxalq əlaqələr üzrə prorektor dosent Jalə Qəribova, Ümumi dilçilik kafedrasının müdiri professor Azad Məmmədov, Azərbaycan dilçiliyi kafedrasının müdiri dosent Fərəh Niftəliyeva və kafedranın dosenti Nuridə Novruzova ilə görüşüb.

Görüşdə elmi əməkdaşlıq perspektivləri, birgə elmi nəşrlər, beynəlxalq konfransların təşkili və Scopus indeksli məqalələr üzərində əməkdaşlıq imkanları müzakirə edilib. Eyni zamanda dil problemləri, diskurs, sosiolinqvistika və paralinqvistika mövzularında geniş fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti Türk Araşdırmaları Mərkəzinin rəhbəri Cəlal İbrahimli ilə də görüşüb. Görüşdə türkdilli ölkələr üçün aktuallıq daşıyan araşdırma mövzuları müzakirə olunub, elmi əməkdaşlığın genişləndirilməsi və birgə tədqiqatların başlanılması təklif edilib.

İki gün müddətində davam edən görüşdə birgə əməkdaşlıq perspektivləri müzakirə edilib.

Bu səfər Azərbaycan Dillər Universiteti ilə Qazaxıstan Respublikasının A.Baytursınov adına Dilçilik İnstitutu arasında elmi əlaqələrin inkişafı baxımından əhəmiyyətli addım olub. Görüşlərdə hər iki tərəfin qarşılıqlı maraqlarını əks etdirən əməkdaşlıq memorandumunun imzalanması, birgə tədqiqatların aparılması və təcrübə mübadiləsinin təşkili istiqamətində müzakirələr aparılıb.

Elmi əlaqələrin genişləndirilməsi, beynəlxalq əməkdaşlıq çərçivəsində innovativ tədqiqatlara dəstək verilməsi universitetimizin prioritetlərindən biridir. Bu səfər də bu istiqamətdə əhəmiyyətli bir nümunədir.