ADU-nun əməkdaşları Berlində stajkeçmə proqramında iştirak ediblər

Azərbaycan Dillər Universiteti, Pedaqogika kafedrasının əməkdaşları Nigar Zeynalova, Ayşən Məmmədova və Samirə Həsənova 30 oktyabr - 6 noyabr 2024-cü il tarixləri arasında Almaniyanın Berlin şəhərində Disleksiya və Diskalkuliya mövzusunda keçirilən stajkeçmə proqramında iştirak etmişdir.
Belə ki, eSquare e.V. və Erasmus Tələbə Şəbəkəsi təşkilatçılığı ilə keçirilən və Almaniya Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən layihə çərçivəsində iştirak haqqını qazanan şəxslər təlim çətinliklərinin aşkarlanması, ilkin diaqnostikası, disleksiya, diskalkuliya kimi təlim çətinliklərinə sahib uşaqlarla pedaqoji işin təşkili və s. kimi mövzularda keçirilən seminarlarda iştirak etmiş, xarici təcrübə ilə yaxından tanış olmaq şansını qazanmışdır.
Seçilmiş namizədlər "Leonardo Da Vinci Campus", "Hermann Franke" kimi İnklüziv məktəblərə, "Diagnostic at ASD in Ludwigsfelde" kimi psixoloji mərkəzə baş çəkmiş, İnklüziv təhsilin Avropa təcrübəsi ilə yaxından tanış olmuşdur.
Yerindəbaxış zamanı müəyyən edilmişdir ki, Almaniyanın bütün məktəblərində İnklüziv təhsilin həyata keçirilməsinə çox ciddi əhəmiyyət verilir. Səfər zamanı layihə iştirakçıları bir sıra təlim mərkəzlərini ziyarət etmiş və müxtəlif mövzularda pedaqoqlar, terapevtlərlə diskussiya aparmışdır.
Hal-hazırda isə Avropa təcrübəsinin Azərbaycana gətirilməsi və praktikada tətbiqi ilə bağlı müzakirələr aparılır.







