“Qalibiyyətin təntənəsi” adlı tədbir keçirilib
Azərbaycan Dillər Universitetində (ADU) Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müəllimi Mənsurə İsmayılovanın təşəbbüsü və Filologiya fakültəsinin 337-ci qrup tələbələrinin iştirakı ilə birgə Zəfər gününə həsr olunmuş “Qalibiyyətin təntənəsi” adlı tədbir keçirilib.
Tədbirdə Fransız dilinin fonetikası və qrammatikası kafedrasının əməkdaşları fil.f.d., professor Ülfət İbrahim, fil.f.d., dosent Teybə Cəlilova və digər kafedra əməkdaşları iştirak ediblər.
Filologiya fakültəsinin 337-ci qrup tələbələri: Həsənova Səmra “Aprel döyüşləri. Zəfərin başlanğıcı”, Qafarova İlahə “Şuşa haqqında ümumi məlumat”, Bəbirova Zeynəb “Laçın, Kəlbəcər haqqında (fransız dilində)”, Quliyeva Nəzrin “Ağdam şəhərinin işğaldan azad olunması”, Babaşzadə Sara “Xankəndi haqqında (fransız dilində)”, Quliyeva Aytac və Cavadova Fidan “Dəmir yumruq”, Sadıqov Nihad və Hüseynov Nihat “Müharibə zamanı Azərbaycana dəstək olan dövlətlər”, Səfiyeva Mehriban “Şuşa bəyannaməsi”, Abdullayeva Məlahət və Həmidova Nərmin “Hərbi qənimətlər”, Baxışlı Aysu “Şəhidlər 44 günlük müharibə”, Hüseynzadə Röya “8 noyabr Zəfər günü”, Əliyeva Fatimə “Qarabağın təbiəti” mövzularda maraqlı məlumatlarla, slaydlarla çıxış edib, mahnı və şeirlər səsləndiriblər.
Kafedranın müəllimi Mənsurə İsmayılova çıxış edərək bildirib ki, bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə, digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında alındı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, rəşadətli əsgər və zabitlərimizdir. Noyabrın 8-i xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldı. 30 ildən sonra Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik. Qarabağ Azərbaycandır! 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq!
Sonda videoçarx nümayiş olunub.