“Zəfərimiz – Milli birliyimiz” adlı tədbir keçirilib
Nəsimi rayon İcra Hakimiyyətinin və Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin nəzdində Xarici ölkələr ədəbiyyatı və Xarici dillərin tədrisi metodikası kafedraları, Doktorantura və Magistratura şöbələrinin birgə təşkilatçılığı ilə “Zəfər Günü” münasibətilə “Zəfərimiz – Milli birliyimiz” adlı tədbir keçirilib.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, müharibə əlilləri, universitetin professor-müəllim heyəti, doktorant, magistr və tələbələr iştirak ediblər.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, universitetin Filologiya fakültəsinin dekanı professor Həmidə Əliyeva və Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri professor Aynur Sabitova zəfər tarixinin əhəmiyyəti barədə çıxış ediblər.
Bildirilib ki, bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır. Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızda tarix yazdı. Bir daha sübut olundu ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Prezident İlham Əliyevin apardığı ardıcıl siyasət nəticəsində ordumuza daima yüksək səviyədə diqqət və qayğı göstərilir.
Digər çıxışçılar- Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev və müharibə əlilləri çıxışlarında 44 günlük müharibə nəticəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun torpaqlarımızı düşmən tapdağından azad edərək ərazi bütövlüyümüzü bərpa etdiklərini bildiriblər.
Şəhid ailələri dövlət rəhbərliyinin hər zaman diqqət və qayğısını hiss etdiyini, göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildiriblər.
Xarici dillərin tədrisi metodikası kafedrasının dosenti ped.f.d. Jalə Mehrəliyeva “Əfsanədən Zəfərə: Xarı bülbül Qələbə simvoluna necə çevrildi” mövzusunda çıxış edərək, 44 günlük müharibənin Şuşanın geri alınması ilə zirvə məqama çatması və bu hadisənin Xarı bülbül rəmzi ilə mənalandırılmasının tarixindən danışaraq öz xatirələrini və hisslərini bölüşüb.