XƏBƏRLƏR

ADU-nun əməkdaşının tamaşası Gəncədə nümayiş olunub

17 oktyabr, 2024

Oktyabrın 14-də Azərbaycan Dillər Universitetinin  İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, yazıçı Cavid Zeynallının “Şükriyyə” pyesi əsasında Akademik Milli Dram Teatrında hazırlanan eyniadlı tamaşa Gəncə Dövlət Milli Dram Teatrında nümayiş olunub.

Qeyd edək ki, tamaşanın nümayişi Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə teatrların regionlara təşkil olunan qastrol səfərləri çəçivəsində reallaşıb.

 Məqsəd bölgələrdə mədəni həyatın fəallaşdırılması, əhalinin asudə vaxtının keyfiyyətinin yüksəldilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyətə və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.

Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi “Şükriyyə” tamaşasında  əməkdar artist Münəvvər Əliyeva, xalq artisti Nurəddin Mehdixanlı, xalq artisti Əli Nur, əməkdar artistlər Mehriban Xanlarova, Vəfa Rzayeva, aktyorlar Afət Məmmədova, Rada Nəsibova, Ləman İmanova, əməkdar artist Şəlalə Şahvələdqızı, aktrisa Dilarə Nəzərova, aktyor Rüstəm Rüstəmov, aktrisalar Aylin Həşimova, Lalə Süleymanova, Nəzrin Abdullayeva, aktyorlar Elsevər Rəhimov və Tural İbrahimov çıxış ediblər.

Tamaşanın səhnə tərtibatçısı Samirə Həsənova, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Nərmin Həsənovadır.

Tamaşa Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin Qazaxıstandakı sürgün həyatı haqqındadır. O, 1937-ci il oktyabrın 14-də həbs olunub. Şükriyyə xanıma 8 il həbs cəzası verilib və “xalq düşməninin arvadı” kimi Şimali Qazaxıstanın Akmolinski vilayətinə – əmək koloniyasına göndərilib.

 “Şükriyyə” tamaşası hazırda da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində nümayiş olunur.