XƏBƏRLƏR

Kamal Abdulla və Rafiq Əliyevin “Qeyri-səlis məntiq və dil-nitq” adlı yeni kitabı çap olunub

11 oktyabr, 2024

Azərbaycanın görkəmli ədəbi siması, Xalq yazıçısı, akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev son illər qeyri-səlis məntiq nəzəriyyəsinin daha da dərinliklərinə enərək, bu nəzəriyyəni Azərbaycan ədəbi və elmi sahələrinə uğurla tətbiq edirlər. Onlar dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin məşhur qeyri-səlis məntiq nəzəriyyəsini Dədə Qorqud boylarına tətbiq etməklə diqqətəlayiq nəticələr əldə etmiş, hər iki alimin birgə yazdıqları “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabı Azərbaycan (üç dəfə), Almaniya və Türkiyədə çap olunaraq, oxucular tərəfindən böyük maraq və rəğbətlə qarşılanmışdır. Bu günlərdə isə akademik Kamal Abdulla və professor Rafiq Əliyevin qeyri-səlis məntiq nəzəriyyəsini sosial elmlərə tətbiq edən yeni nəşri – “Qeyri-səlis məntiq və dil-nitq” adlı kitabı çapdan çıxmışdır. 

“Sim-Sim” nəşriyyatında işıq üzü görən yeni kitabda qeyri-səlis məntiq nəzəriyyəsi, ilk dəfə olaraq, dilçilik obyekti olan dilə-nitqə tətbiq edilir. Kitabın “Ön söz”ünün müəllifi Türkiyə Cümhuriyyəti Dil və Sistem Fondunun sədri Rüştü Burak Ekedir. Nəşrin elmi redaktorları – professorlar Lətafət Qardaşova, Azad Məmmədov, Burak Eke, rəyçiləri isə Xalq şairi Ramiz Rövşən, İsmayıl Məmmədov və professor Hacan Hacıyevdir.

Kitabda qeyri-səlis məntiq nəzəriyyəsini dilçilikdə yeni bir istiqamət kimi təqdim edən müəlliflər bu nəzəriyyənin dilin təbii çoxmənalılığı və qeyri-xətti xüsusiyyətlərini necə izah etdiyini əhatəli şəkildə təhlil edirlər. Bu yanaşma həm dilçilik, həm də informasiya nəzəriyyəsi sahələrində yeni perspektivlərə yol açır, gələcək tədqiqatlar üçün zəmin yaradır.

Lütfi Zadənin məşhur nəzəriyyəsindən bəhrələnən Kamal Abdulla və Rafiq Əliyev qeyri-səlis məntiqin nitqdə necə təzahür etdiyini, dilin özünəməxsus xüsusiyyətlərini izah etməyə çalışaraq, yeni tədqiqat sahələrini işıqlandırırlar. Kitabın elmi əhəmiyyəti yalnız bu nəzəriyyənin tətbiqi ilə məhdudlaşmır, eyni zamanda, geniş tədqiqat istiqamətlərinə yol açaraq, dilçilik və məntiqi sintez edən yeni üfüqlər formalaşdırır. Bu fundamental tədqiqat L.Zadə tərəfindən təməli qoyulan qeyri-səlis məntiqin gələcəkdə dilçilik və digər sosial elmlərdə daha geniş tətbiq olunacağını işarələyir.

Bütün bunlar və kitabın əhəmiyyəti haqqında “Ön söz”ün müəllifi Rüştü Burak Eke yazır: “Bu kitabı əlinizə alımısınızsa, oxumağı düşünəcəksiniz. Bir dəfə əlinizə aldığınızda artıq sona qədər onu buraxa bilməyəcəksiniz. Bu kitab dənizdən tam dolu bir görüntüdür. Hər bir oxucuya, hər oxunuşda fərqli ləzzət təqdim edəcəkdir. Bu kitab oxucusu üçün heç bir sərhəd qoymur: yaş, təhsil səviyyəsi baxımından hər kəsə müraciət edir. Amma, digər tərəfdən, yüksək intellektual oxucuları hədəfləyir. Bu kitabın araşdırdığı sahələrin birində və ya bir hissəsində mütəxəssis ola bilərsiniz. Bir qisminə intellektual marağınız ola bilər. Amma bu kitabdan yararlanmağa başlamaq üçün, içindəki düzəni – kitabın dediyi kimi – sinerjetik olaraq qavramaq üçün bir səviyyə və səy tələb olunur”.

Müəlliflər isə “Qeyri-səlis məntiq və nitq-dil” kitabının yazılma məramını “Giriş”də belə açıqlayırlar:

“Kitabın adından göründüyü kimi, təqdim edilən mövzu, yəni qeyri-səlis məntiqin dil-nitq müstəvisində özünü göstərməsi indiyə qədər hərtərəfli və sistemli şəkildə öyrənilməmişdir. Eyni zamanda, bu faktın özü, yəni mövzunun indiyə qədər öyrənilməməsi onun bu günümüz üçün kifayət dərəcədə perspektivli və dərin olmasından xəbər verir. Belə ki, qeyri-məntiq prinsiplərinin və onun təməl strukturlarındakı ciddi nəzəri-praktik müddəaların dil-nitq sərhədlərini aşıb keçərkən buranın dərin qatlarında eynən kaleydoskopda olan kimi yeni-yeni mənzərələr yaradacağı məlum və şübhəsizdir”.

“Qeyri-səlis məntiq və nitq-dil” kitabı aktual məzmunu, novatorluğu ilə yanaşı, unikal tərtibatı ilə də diqqət çəkir. Nəşrin ilk fəsillərində L.Zadənin məşhur nəzəriyyəsinin yaranma tarixi, onun klassik məntiqlə müqayisəsi, bu nəzəriyyənin digər elm və istehsalat sahələrinə uğurlu tətbiqindən söz açılır. Həmçinin qeyri-səlis məntiqin fasetləri ilə bağlı deyilənlər, onların ayrı-ayrılıqda araşdırılması, müxtəlif elm və həyat sahələrinə tətbiqi ümumiləşdirilmiş şəkildə təqdim edilir. Eyni zamanda, dil və nitqin nəzəri dilçilikdə qəbul edilmiş fərqindən, bu fərqi ortaya qoyan dilçi alimlərdən, dil-nitqin “nitq fəaliyyəti” çərçivəsindəki birgəliyindən söz açılır. Burada qeyri-səlis məntiqin əsas baza elementi olan hedclərin mahiyyətindən, onların dil-nitq vahidləri ilə əlaqəsindən, mikromətn və makromətndəki rolundan bəhs edilir. Dil yaruslarında qeyri-səlis məntiqin izləri, sinergetika və dil-nitq əlaqələri təhlil edilir.

Sonrakı fəsillərdə fonoloji, morfoloji, leksik qatlarda, cümlə və mikromətnlərdə qeyri-səlislik məsələləri araşdırılır. Dilçilik elmi və süni intellekt məsələlərini  araşdıran fəsildə isə süni intellekt və dil münasibətləri fonunda süni intellektin tərkib hissəsi kimi özünü göstərən təbii dilin emalı və xüsusilə, “sentiment” təhlil əsasında dilçilik üçün perspektivli istiqamətlərə işarə edilir. “Bədii dil və qeyri-səlis məntiq” fəslində informasiya kanalında özünü göstərən “küylər”lə bədii süsləmələr arasında paralellik nəzərdən keçirilir, bədii informasiyanın ötürülməsi, dəyərləndirilməsi və qorunmasından söz açılır. Personifikasiya və metaforlaşmanın bədii dildə yeri ilə bağlı fikirlər irəli sürülür.

Kitabın “Nəticə” hissəsində hər fəsildən doğan ümumi yekun müddəalar yer alır.  Burada qeyri-səlis məntiqin dil-nitqin inkişafı boyu səlis məntiqə nisbətən daha geniş və əsaslı mövqe tutması, sinergetik perspektivlərdən çıxış edərək, müasir dilçilik elmi qarşısında duran zəruri problemlər, qeyri-səlis məntiqin digər sosial elmlərə tətbiqindən irəli gələn məsələlər, bu tətbiqin perspektivləri, yeni tədqiqat üfüqləri nəzərdən keçirilir. Kitabın “Əlavələr” hissəsində isə oxuculara qeyri-səlis məntiqin dörd əsas faseti haqqında geniş məlumat verilir. Kitab ingilis dilində yığcam “Rezyume” ilə tamamlanır.  

Beləliklə, müəlliflərin qeyd etdiyi kimi, “Qeyri-səlis məntiq və nitq-dil” kitabının “əsas nəticəsi olaraq müxtəlif fəsillərdən bu və ya başqa şəkildə keçən aparıcı ideyanı qısa şəkildə bu cür ifadə etmək olar: qeyri-səlislik məqamları dil-nitq məkanında qədim zamandan bu günə qədər reallaşan inkişaf boyu artan xətt üzrə hərəkət edir. Bu halı nadir istisnalarla hər bir dil yarusunda müşahidə etmək mümkündür. İnkişaf boyu qeyri-səlislik hallarının artmasını dil-nitqimizin dərin struktur-semantik qatlarında ontoloji olaraq mövcud olan qədim, ilkin demokratik meyillərlə əlaqələndirmək lazımdır”.

Göründüyü kimi, akademik Kamal Abdulla və professor Rafiq Əliyevin “Qeyri-səlis məntiq və dil-nitq” adlı yeni kitabı müəlliflərin dərin fəlsəfi düşüncələrini və qeyri-səlis məntiqə söykənən yaradıcılıq axtarışlarını bir araya gətirir. Postmodernizm ruhunu daşıyan bu fundamental tədqiqat təkcə elmi dairələr üçün deyil, eyni zamanda, geniş oxucu auditoriyasına dərin fəlsəfi və intellektual təcrübə təqdim edir. Kitabın müasir dilçilik və məntiq sahələrində açdığı yeni üfüqlər qeyri-səlis məntiqin sosial elmlərə geniş şəkildə tətbiq olunmasının vacibliyini bir daha ön plana çıxarır, bu nəzəriyyənin sosial elmlərdəki potensialını daha dərindən anlamaq üçün mükəmməl platforma təqdim edir. Oxucuları düşüncələrarası səyahətə dəvət edən bu unikal əsər Azərbaycan dilçiliyində məntiq və dil arasındakı əlaqələrin təhlilində yeni istiqamətlər açmaqla yanaşı, hər iki müəllifin elmi yaradıcılığının zirvəsi olaraq gələcək tədqiqatlar üçün zəmin yaradır, Azərbaycan elminə mühüm töhfə verir.

Sadiq Zaman,

filologiya üzrə fəlsəfə doktoru